“Ermənistan özünün regional dayaqlarını artıq itirib. Buna görə də Qərbi özünə siyasi dayaq bilir. Qərb isə Ermənistanla hərbi əməkdaşlığı gücləndirməklə öz çirkin planlarını həyata keçirməyə çalışır”. Bu fikirləri Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşü haqqında danışarkən deyib.
Fuad Hüseynzadə bildirib ki, bu görüş Cənubi Qafqazda yenidən sabitliyin pozulmasına təhlükə yarada bilər: “Baxmayaraq ki, rəsmi İrəvan bu görüşün heç bir üçüncü tərəfə qarşı yönəldilməyini bəyan edib. Lakin Azərbaycanla şərti sərhəd xəttində Ermənistanın hərbi ativliyinin müşahidə olunması rəsmi İrəvanın yalanını üzə çıxarır. Azərbaycan dövləti bu görüşlə bağlı öz mövqeyini ifadə edib. Həmçinin rəsmi Moskva da öz narahatçılığını bildirib. Amma digər region ölkələri də bu görüşə öz sərt mövqeyini bildirməlidir. Çünki Qərb bu addımları ilə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər.
Bu üçtərfli görüş Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də əks təsir göstərəcək. Çünki açıq-aydın görünür ki, Aİ və ABŞ Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı deyillər. Onlar dağıdıcı yanaşmaları ilə Cənubi Qafqazda birliyi də pozmağa cəhd edir. Ermənistan isə məqsədli şəkildə Qərbin son dərəcə təhlükəli “hərbi oyun”larına alət olur. 5 apreldə keçiriləcək görüş bir daha göstərir ki, Qərb Ermənistanı tam olaraq ələ alıb və ondan istədiyi kimi, əsasən də regionda sabitliyi pozmaq üçün istifadə edə biləcək. Bu da ən önəmlisi regional təhlükəsizlik baxımdan narahatçılıq doğurur. Ermənitsan isə bununla erməni xalqının da maraqlarına tamamilə zidd olan adımlar atır”.
QHT sədri Ermənistandan fərqli olaraqsa Azərbaycanın yürütdüyü siyasətin sülhə, sabitliyə, etibarlı tərəfdaşlığa əsaslandığını vurğulayıb: “Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün qarantıdır. Bundan sonra torpağımıza göz dikənə ordumuz layiqli cavab verəcək. Artıq heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edə bilməz”.