image-2000x150
image-img_20240702_215042backend

Bu gün Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun anım günüdür

image-768x150

Bu gün Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun anım günüdür. Xatırladaq ki, Əliheydər Əliağa oğlu Kazımov 28 fevral 1963-cü ildə keçmiş Əlibayramlı (indiki Şirvan) şəhərində doğulub. 1970-ci ildə şəhərdəki orta məktəbin I sinfinə daxil olub, V sinifə qədər burada oxuyub, daha sonra təhsilini H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirib. 1976-1980-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin Fortepiano şöbəsində daxil olan Əliheydər 1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı tam orta məktəbdə musiqi müəllimi kimi işləyib. 1992-ci il 1-ci Qarabağ döyüşləri başlayanda vətənin qəhraman oğulları kimi Əliheydər də döyüşə yollanıb. 1992-ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilib, lakin qrad qəlpələri səbəbindən aldığı xəsarətlər nəticəsində Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmayıb. 1992-ci il iyulun 2-də Əliheydər Kazımov həyatla vidalaşıb, gözlərini əbədi yumub. Şəhidlik adlı müqəddəs zirvəyə ucalanlardan olub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində ümumi qəbristanlıqda dəfn edilib.
Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 228 nömrəli tam orta məktəb şəhidimizin adını daşıyır. Onun qardaşı Moskva vilayətində Oçakova-Matviyevski rayonu üzrə Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımov aktiv diaspor fəaliyyəti ilə məşğuldur.

SEVİMLİ MÜƏLLİM
Əlibayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Sahil qəsəbəsindəki 228 nömrəli orta məktəbin müəllimi işləmiş Birinci Qarabağ müharibəsində şəhid olmuş Əliheydər Əlağa oğlu  Kazımovun əziz xatirəsinə ithaf edirəm.
28.02.1969.-02.07.1992.
Qəlbində nə qədər arzusu vardı,
Büllur kimi təmiz duyğusu vardı,
Düşməndən “Cavab ver!” sorğusu vardı,
Etdi qisas üçün cəbhəyə səfər,
Sevimli müəllim, mərd Əliheydər.

Başdan ayağadək nurdu, ziyaydı,
Gözləri ap-aydın, nurlu səmaydı,
Musiqi səmadan gələn sədaydı,
Bir anda hissləri edər səfərbər,
Sevimli müəllim, mərd Əliheydər.

Yağılar xainlik eyləyən zaman,
Yurdumun balası durmadı bir an,
Məhv etdi düşməni igid qəhrəman,
Dedi: “İnanıram, bizimdir zəfər,
Sevimli müəllim, mərd Əliheydər.

Rabitəçi oldu, ağıllı qoçaq,
Söylədi: “Yadlara verilməz torpaq,
Düşmənin köksünə çəkiləcək dağ,
Bizim üzümüzə güləcək səhər.”
Sevimli müəllim, mərd Əliheydər.

Qacarda düşməni salmışdı dərdə,
Lənətlər yağırdı göydən namərdə,
Pələngə bənzərdi səydə-hünərdə,
Yağının aşına qatmışdı zəhər,
Sevimli müəllim, mərd Əliheydər.

Şəhidlikdən sonra cənnət başlayır,
Xalqın ürəyinə köçüb yaşayır,
İşlədiyi məktəb adın daşıyır,
Xeyir qarşısında yox olubdur şər,
Sevimli müəllim, mərd Əliheydər.

Coşğun Xəliloğlu.
21.02.2024.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki