Sentyabrın 18-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi bəstəkar, Azərbaycan milli musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev açaraq çıxış edib. Səfir Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində tutduğu əvəzsiz yerdən danışaraq qeyd edib ki, dahi bəstəkarın yaradıcılığı milli kimliyimizin və azərbaycançılıq ideyalarının ifadəsidir. Onun əsərləri Şərq və Qərb musiqisini qovuşduraraq Azərbaycanı bütün dünyada tanıdıb, xalqımızın zəngin musiqi irsini bəşəriyyətə təqdim edib. Diplomat vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla yubileyin dövlət səviyyəsində geniş şəkildə qeyd olunması Üzeyir bəyə və onun irsinə göstərilən yüksək hörmətin bariz nümunəsidir.
Daha sonra konsert proqramı başlayıb. Bədii hissədə Özbəkistan, Qaraqalpaqstan, Başqırdıstan və Tatarıstanın Xalq artisti Jenisbek Piyazov eləcə də Özbəkistan Dövlət Filarmoniyasının solisti Sayoda Nartajiyeva, “Özbəyim yoşları” ansamblının solisti Sarvinoz Kamilova çıxış edərək Üzeyir Hacıbəylinin məşhur romanslarını və musiqi parçalarını ifa ediblər. Onların səsləndirdiyi əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, gurultulu alqışlarla müşayiət olunub.
Konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizi nümayiş etdirib. Ansamblın çıxışları tədbirə xüsusi rəng qataraq Azərbaycan mədəniyyətinin zəngin ənənələrini tamaşaçılara təqdim edib. Proqramın ən maraqlı hissələrindən biri isə Mərkəzin gənclərdən ibarət teatr truppasının hazırladığı “Arşın mal alan” əsasında səhnə kompozisiyası olub. Tamaşaçılar sevilən əsərin musiqilərini və səhnə təqdimatını böyük maraqla izləyiblər.
Tədbir musiqisevərlərin alqışları ilə başa çatıb və Azərbaycan ilə Özbəkistan arasında dostluq və mədəni əməkdaşlığın inkişafına xidmət edən önəmli mədəniyyət hadisəsi kimi qiymətləndirilib.