Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə səfirlər, o cümlədən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türkiyənin Özbəkistandakı səfiri Ufuk Ulutaş, Türkmənistanın Özbəkistandakı səfiri Şadurdi Meredov, Tacikistanın Özbəkistandakı səfiri Ismatullo Nasredin, beynəlxalq təşkilatların təmsilçiləri, diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Xocalı soyqırımına həsr olunmuş fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Xocalı soyqırımının tarixi-siyasi və beynəlxalq hüquqi mahiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı ağır və sistemli cinayət törədərək soyqırım aktı gerçəkləşdirmişdir.
Bildirilib ki, bu hadisə mahiyyət etibarilə insanlığa qarşı cinayət, kütləvi qətliam və soyqırımı aktı olmaqla, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş vəhşilik nümunəsi kimi qiymətləndirilməlidir.
Vurğulanıb ki, Xocalıda 613 nəfər günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Yüzlərlə insan yaralanmış, 1275 nəfər əsir götürülmüş, onların taleyindən bir qisminin bu günədək xəbər alınmamışdır. Diplomat soyqırımın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu vurğulayıb və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. O, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıdığını və bir sıra ölkələrin bu soyqırıma siyasi-hüquqi qiymət verdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə Türk dünyasına qarşı törədilmiş cinayət olduğunu bildiriblər. Onlar belə soyqırımların unudulmamasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayıblar. Çıxışlarda Xocalı həqiqətlərinin beynəlxalq platformalarda daha fəal təbliği, informasiya işinin gücləndirilməsi və tarixi ədalətin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppasının üzvləri Xocalı soyqırımı ilə bağlı şeir kompozisiyası ifa ediblər.
Sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib, şəhidlərin ruhuna dua oxunub.
































