Daşkənddəki Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birgə Novruz şənliyində iştirak edib.
“Diaspornews.az” xəbər verir ki, Azərbaycan guşəsində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tarixi və mədəniyyətinə dair özbək dilində çap olunan nəşrlər, suvenirlər nümayiş etdirilib.
Sərgidə iştirak edən qonaqlara Novruz şirniyyatı-şəkərbura, paxlava, qoğal və digər təamlar təklif olunub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramı tədbirinə gəlib, mədəniyyət mərkəzlərinin təqdim etdiyi sərgiyə baxıb.
Azərbaycan üçün ayrılan guşədə Prezident Şavkat Mirziyoyev təqdim edilən kitablara, suvenirlərə maraqla baxıb və stendini yüksək qiymətləndirib.
Prezidentin qarşısında saz ustası İlham Abdullayev qədim el havalarını, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.