Almaniyanın Köln şəhərindəki Domplatte meydanında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansı və “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı, Almaniyada yaşayan soydaşlarımızın, eləcə də yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə baş tutub. Bu haqda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirin əsas məqsədi Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini yad etmək, faciə ilə bağlı tarixi həqiqətləri Almaniya ictimaiyyətinə çatdırmaq olub. Xocalıda həlak olanların, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, qazilərimizə isə Allahdan şəfa dilənib.
Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri Altay Rüstəmli Xocalı qətliamının unudulmamasının və beynəlxalq aləmdə düzgün tanıdılmasının zəruriliyini diqqətə çatdırıb. “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri Səbinə Məmmədova isə bu cür tədbirlərin tarixi yaddaşın qorunması və ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirin bədii hissəsi iştirakçılarda dərin emosional anlar yaşadıb. Səbinə Məmmədovanın fortepianoda, Minija Hacızadənin skripkada ifaları və “Aynur & 3K Music Atelier” xor kollektivinin təqdim etdiyi musiqi nömrələri dərin hüzn və sükutla qarşılanıb. “Sarı gəlin” və “Ay Laçın” kimi Azərbaycan xalq mahnılarının səsləndirilməsi tədbirin mənəvi-psixoloji təsirini daha da gücləndirib.
Tədbir iştirakçılarına xocalılara qarşı törədilən soyqırımını əks etdirən alman dilində kitab və bukletlər paylanılıb. Faciənin mahiyyəti və tarixi faktlar barədə ətraflı məlumat verilib.






























