Moskvada Dünya Xalqları Alyansının Baş Katibi Dr. Alexander Shapiro Sulimanın “Etnomir” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu – vahid dünya” beynəlxalq xeyriyyə fondunun prezidenti Ruslan Bayramovla görüşü baş tutub. Görüş zamanı səmərəli əməkdaşlıq haqqında mühüm razılaşma əldə olunub. Hər iki tərəf tərəfdaşlıq əlaqələrini gücləndirməyə hazır olduqlarını bildirib və niyyət memorandumu imzalamağa razılaşıblar. Görüşdə hər iki tərəfin əsas nümayəndələri: İnna Buuş, Svetlana Kutuzova, Mariya Azarova, eləcə də maliyyə şöbəsinin müdiri Svetlana Çernova və tikinti şöbəsinin müdiri İsmayıl Ağayev iştirak ediblər. Müzakirələr zamanı sosial proqramların inkişafı, mədəni mübadilə, ekoloji və infrastruktur layihələri kimi əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib. Hər iki tərəf tərəfdaşlığın uğurla inkişaf edəcəyinə, Dünya Xalqlarının Alyansı ilə birlikdə “Etnomir” layihəsinə çoxmilyonluq sərmayələrin cəlb ediləcəyinə əminliyini ifadə edib, həmçinin ümumi məqsədlərin həyata keçirilməsi istiqamətində fəal işləmək niyyətində olduqlarını bildiriblər.
Xatırladaq ki, Rusiyanın Kaluqa şəhərində “Etnomir” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu – vahid dünya” beynəlxalq xeyriyyə fondunun prezidenti Ruslan Bayramov 2019-cu ildə Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ruslan Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunmasıvə təbliğatı sahəsindəki fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda anadan olub. 1992-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1999-cu ildə “Sofiya” – veteranlara, əlillərə və çoxuşaqlı ailələrə yardım fondunu təsis edib.
2007-ci ildə “Mədəniyyətlərin dialoqu – vahid dünya” fondu çərçivəsində YUNESKO-nun himayəsi ilə “Etnomir” etnoqrafik mədəniyyət parkını qurub. Unikallığı ilə seçilən “ETNOMİR” mədəniyyət-təhsil turizm mərkəzi dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verir. Bu layihə çərçivəsində Gədəbəyin Novoivanovka kəndində 2006-ci ildə rus mədəniyyət muzeyi istifadəyə verilib. Ruslan Bayramovun sözlərinə görə, “Etnomir”in başlıca məqsədi öz köklərini xatırlamaq və digər mədəniyyətləri öyrənməkdir.