Kazan şəhərinin azərbaycanlı icması və Azərbaycan bazar günü məktəbinin gənc şagirdləri Novruz bayramını qeyd etmək üçün Kazan Dövlət Baytarlıq Akademiyasının parkına toplaşıblar.
Kazan Dövlət Baytarlıq Akademiyasının professoru, biologiya elmləri doktoru Əlizadə Həsənovun qeyd etdiyi kimi, Novruz yazın gəlişini simvolizə edir. Bu bayramı xüsusi ailə şənliyi ilə qeyd edən azərbaycanlılardır.
“Odun ətrafına toplaşdıq ki, bütün günahlarımızı, xəstəliklərimizi, mənfi cəhətlərimizi odun içində “yandırıb” keçmişdə qoyub, yeni ilə sağlam, təmiz qədəm qoyaq. Bu gün azərbaycanlıların bir-birini bağışlaması, barışması adəti var”, – deyə professor Ə.Həsənov vurğulayıb.
Bildirib ki, bu gün plov və digər milli xörəklər hazırlanır. Bütün ailə şam yeməyinə toplaşır və hamı bir-birinə ancaq xoş sözlər və arzular deyir.
“Novruz bizim üçün ruh bayramıdır, ailə bayramıdır. Hər kəsin öz həmvətənləri və qonşuları ilə xoşbəxt və ahəngdar yaşaya bilməsi üçün heç bir xərci əsirgəməmək, ailə və dostlara hədiyyələr təqdim etmək adətdir”.