image-2000x150
image-d9265e97-77d2-41ae-b7da-136432014e53backend

“Kirov vilayətinin rəsmi qurumları ilə yaxından əməkdaşlıq edirik”

image-768x150

Osman Alıyev: “Vətən müharibəsi Kirov vilayətindəki soydaşlarımızı bir daha birləşdirdi”

 Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyevin “Diaspornews.az”a eksklüziv müsahibəsini təqdim edirik.

-Osman müəllim, öncə özünüz haqda danışmağınızı istərdik.

-Mən, Alıyev Osman Kərəm oğlu 19.09.1977-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Gomur kəndində anadan olmuşam. 1988-ci ildə məcburi qaçqın düşüb Naxçıvana gəldik. 1993-cü ildə Rusiyanın Kirov şəhərinə böyük qardaşımın yanına gəldim. 1994-cü ildən tamamən Kirov şəhərində yaşamağa qərar verdim. 2019-cu ildə soydaşlarımız məni Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinə sədr seçdilər.

image-f499c332-acdb-4f54-9b44-9faa32b805e2

-Azərbaycanlılar Kirovda nə dərcədə diaspor olaraq bir araya gəlib?

-Kirov vilayətində 3000-ə qədər azərbaycanlı yaşayır. Burada soydaşlarımız əsasən biznes sahəsində, eləcə də digər sahələrdə çalışırlar. Artıq uzun müddətdir ki, bu vilayətdə soydaşlarımız diaspor olaraq formalaşıb. Buna bizim həmrəyliyimiz bariz nümunədir. Xüsusən, biz bu həmrəyliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Vətən müharibəsi milli qürurumuzun aynası olaraq bizi bir daha birləşdirdi. Həmin günlər Kirov vilayətindəki soydaşlarımızdan pul vəsaiti toplayıb Azərbaycan Ordusuna Yardım Fonduna köçürdük. Bununla yanaşı, döyüş bölgəsindəki əsgərlərimizə ərzaq, geyim və s. maddi yardım göndərdik.

Biz Vətən müharibəsindən sonra şəhid və qazi ailələrinə də yardımlar etmişik. İnşallah, aprel ayında Azərbaycan gəlib yenə də bir neçə şəhid və qazi ailəsinə baş çəkəcəyik.

image-bd61d35d-86f5-4c98-88d7-c22df91967d3 

-Azərbaycanı Kirovda necə tanıdırsız?

– Biz Kirov vilayətində Azərbaycanın mədəniyyətini layiqincə tanıdır, təqdim etməyə çalışırıq. Təbii ki, bütün bunları öncə biz öz adət-ənənələrimizi qoruyub saxlamaq, eləcə də yaşatmaqla, milli bayramlarımızı layiqli şəkildə qeyd etməklə, evimizdə milli xörəklərimizin bişməsi ilə mədəni və irsi dəyərlərimizi qorumaqla bacarırıq. Həmçinin umumşəhər mədəni tədbirlərdə, festivallarda, simpoziumlarda müsabiqələrdə, müxtəlif bayram sərgilərində və konfranslarda mütəmadi iştirak edirik. Bundan başqa, biz burada mədəniyyətin inkişafı yönündə məqsədli proqramlar, layihələr hazırlayır, onları reallaşdırırıq. Bunlarla yanaşı, Azərbaycan mədəniyyət günlərini qeyd edir, yerli xalqa Azərbaycanımızı daha yaxından tanıdırıq. Eyni zamanda çalışırıq ki, yerli xalqa inteqrasiya edək.

Onu da deyim ki, bizim cəmiyyətimiz Rusiyadakı Azərbaycan və türk cəmiyyətləri ilə əlaqədə olur, əməkdaşlıq edir. Xüsusilə bu funksiyanı bizim buradakı gənclərimiz həyata keçirirlər. Onlar daha gənc olmalarına baxmayaraq, qısa müddətdə diaspor xəttində böyük nailiyyətlər əldə ediblər.

Qeyd edim ki, biz Kirovun yerli mediası ilə də sıx işləyirk. Bütün tədbirlərimiz KİV-lərdə yayımlanır.

image-ed27535e-d4fa-4ccb-8f9d-ca82fe797e66

-Yerli rəsmi qurumlarla əməkdaşlıq edirsizmi?

-Yerli rəsmi qurumlar və digər önəmli şəxslərlə sıx əməkdaşlığın qurulması çox önəmlidir. Hər hansı bir soydaşımızın bu ölkədəki rəsmi qurumlardakı şəxslərdən biri ilə yaxın işbirliyində olması bizim üstünlüyümzdür. Çox şükür ki, Kirov vilayətində belə soydaşlarımız az deyil. Biz də yerli rəsmi qurumlarla yaxından əməkdaşlıq edirik və onlarla tez-tez məsləhətləşirik. Ümumiyyətlə, yerli dövlət qurumları ilə mütəmadi dialoq içərisindəyik. Kirov vilayətinin qubernatoru və digər yerli hökumət nümayəndələri ilə görüşə bilirik. Yeri gəlmişkən, martın 18-də digər xalqların diaspor təşkilatı sədrləri ilə birgə Kirov vilayətinin qubernatoru ilə növbəti görüşümüz oldu. Daha sonra qubernatorun dəvəti ilə şəhərin mərkəzi teatrının zalında keçirilən konsertdə iştirak etdik.

Martın 21-də isə Kirov şəhərindəki “Xalqlar dostluğu evi” ilə birgə Novruz bayramı tədbiri keçirdik. “Xalqlar dostluğu evi”ndə məhz bayram günü ərəfəsində biz taciklər və özbəklərlə bir araya gəldik və bir-birimizi təbrik etdik. Mərasimdə Novruz adət-ənənləri nümayiş etdirildi. Yerli xalq tərəfindən bu adətlər çox maraqla qarşılandı. Bu tədbirdə bizim bir neçə müğənnimiz də çıxış etdi.

Yeri gəlmişkən, fürsətdən istifadə edib mən Kirov vilayətindəki soydaşlarımız adından xalqımzı da Novruz bayramı münasibəti ilə təbrik edir, dünyaya əmin-amanlıq və ailələrə sevincli günlər diləyirəm. Azərbaycan dövlətinə hər zaman zəfər arzulayıram.

image-004918f0-b045-4c2b-8a16-e1942f07c070 image-d452d807-4267-4f5d-8272-471662045482

-Qarşıdakı günlərdə hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

– Bildiyiniz kimi, ötən ay Moskvada Prezident İlham Əliyev və Prezident Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzaladılar. Bu Bəyannamədə mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin də təşviq olunması məsələsinin qeyd olunması biz çox sevindirdi. Elə məhz bu sənədi əsas tutub “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi olaraq tədbirlər planı hazırlamışıq. Biz bu il ərzində bir neçə tədbir keçirəcəyik. Belə ki, Kirovda Azərbaycanın mədəniyyət günləri keçiriləcək. Həmçinin Nərd turniri təşkil ediləcək. 9 May – faşizm üzərində Qələbə Günü “Ölməz polk” yürüşündə iştirak edəcəyik. 8 Noyabr-Zəfər Gününü qeyd edəcəyik. Həmçinin ənənəvi işimiz olan Kirov vilayətindəki uşaq evlərində xeyriyyə tədbirləri edəcəyik. Və bir neçə başqa tədbirlərimiz də olacaq.

image-7c0d7a7f-6cc7-4bc3-885d-1f1f2ff2cd72

image-3c2a4386-ee2b-4d12-b6ba-0a3478eecb49

image-6752038a-37f1-4665-8f18-36f5f1983831

image-dac7f2a8-7fa1-4f82-a865-54a5686347bf

image-3959d9be-c53f-4fb9-a366-f75f1c7111dd

image-13ec17af-6201-4bee-a6e8-dd31a8201307

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki