Noyabrın 18-də Küveyt Universitetində keçirilən mədəniyyət sərgisində Azərbaycanlı tələbələr də iştirak ediblər. Sərgidə Küveyt Dillər Mərkəzinin və “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti, habelə Azərbaycan Respublikasının Küveytdəki Səfirliyinin dəstəyi ilə “Azərbaycan guşəsi” adlı sərgi təqdim olunub.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə “Diaspornews.az”a bildirib ki, tədbirdə azərbaycanlı tələbələr öz növbəsində sərgi iştirakçılarına Azərbaycan milli geyimi ilə çıxış ediblər: “Vətənimizə xas olan ənənəvi adət-ənənələrimizə uyğun milli mətbəximiz, turizmə aid şəkil və videolar, suvenirlər, milli musiqilərimiz, musiqi alətlərimiz və jurnallarımız sərgi iştirakçılarına təqdim edildi. Bir çox ölkələrdən fərqli olaraq, qardaş Türkiyə və Azərbaycan mədəniyyəti yerli ictimaiyyət tərəfindən maraqla və sevgi ilə qarşılandı. Dövlətimizin bayraqları isə gözəlliyi ilə diqqət çəkirdi”.
Azərbaycanlı tələbələr, öz növbələrində, “Qarabağ şikəstəsi”, “Sarı Gəlin” və türkiyəli tələbələrlə birgə “Çırpınırdı Qara dəniz” mahnısını digər sərgi iştirakçılarına təqdim ediblər.
Tədbirin açılışında Küveytin Təhsil Naziri, professor Nadir əl-Calal, Səhiyyə Naziri, professor Dr. Əhməd əl-Avadi, həmçinin Küveyt Universitetinin müəllimləri və rektorları, bir sıra icma rəhbərləri və dövlət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda bütün qonaqlar, o cümlədən sərgi iştirakçıları, sərgilərə yaxından baxaraq Azərbaycanlı tələbələr və təşkilatçılarla söhbət edib, müxtəlif mədəniyyətlər barədə məlumat əldə ediblər. Tədbirin yekununda isə bütün iştirakçılara, o cümlədən qonaqlara Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim edilib.