Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə birgə Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Tədbirdə ölkəmizi həmin məktəbin müəllimi Elnurə Süleymanova təmsil edib. Tədbir çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, o cümlədən Novruz bayramı adət-ənənələrini, mətbəxini, milli geyimlərini, xalçalarını və turizm potensialını əks etdirən sərgi təşkil olunaraq, iştirakçılara Azərbaycan haqqında geniş məlumat verilib.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılaraq, məktəb rəhbərliyinə Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.
Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab və Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” festivalına həsr olunmuş jurnallar və digər təbliğat materialları iştirakçılara təqdim olunub. Ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli-görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub. Üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalça məktəb rəhbərliyinə hədiyyə olaraq təqdim edilib.
Eyni zamanda, ziyarətçilərə Azərbaycan mətbəxinə aid yeməklər, Novruz şirniyyatları təqdim olunub. Tədbirdə xalqımıza məxsus geyimlərdə olan məktəb müəllimləri və şagirdlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıblar.