Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirləri davam etdirir. Cəmiyyətin binasında bu ilin iyulunda elan edilmiş “Azərbaycan və onun görkəmli şəxsiyyətləri” adlı məqalə müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbirdə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müsabiqədə iştirak edənlərin mükafatlandırılması mərasimində çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə cəmiyyətimiz tərəfindən silsilə tədbirlər keçirildiyini bildirib. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmaya sürüklənməsinin qarşısını almışdır.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxışında xatırladıb ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın Misir və ərəb dünyası ilə münasibətlərin təməlini qoyan insan olub və bu çox əlamətdardır ki bu günlərdə onun 100 illiyi bu genişlikdə Misirdə qeyd olunur. Bu onu sübut edir ki dahi insan müsəlman və ərəb dünyası ilə siyasəti quranda onun gələcəyini görürdü və bugunkü yüksəliş istiqamətdə inkişaf edən əlaqələr bunun əyani sübutudur. Onun davamçısı Prezident İlham Əliyev öz ardıcıl addımları münasibətlərimizi yeni, daha yüksək səviyyəyə qaldırmağa nail olmuşdur.
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyev müsəlman ölkələri ilə əlaqələrin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşırdı. O davamlı olaraq müxtəlif müsəlman ölkələrinə səfərlər edir, Azərbaycanla digər müsəlman ölkələrinin əlaqələrinin inkişafına çalışırdı. 90-cı illərin əvvəllərində Ulu Öndərin Misirə səfəri iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdi. İki dövlət arasında bir çox sahələrdə yeni sənədlər imzalandı. Sonrakı illərdə Prezident İlham Əliyev də Misirə səfər edərək bu əlaqələrin inkişafını davam etdirdi. Məlum olduğu kimi Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu ilin əvvəlində Azərbaycana səfər etdi. Düşünürəm ki bu səfər də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.
Bu gün iki ölkə parlamenti arasında da əlaqələr sürətlə inkişaf edir. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Misirə səfəri, eləcə də Misir Senatının və Nümayəndələr Palatasının sədrlərinin Azərbaycana səfəri iki ölkə parlamenti arasında da əlaqələrin inkişafına mühüm töhfələr verdi.
Çıxışımın sonunda müsabiqədə iştirak edən hər bir iştirakçını, eləcə də qalibləri təbrik edirəm. Düşünürəm ki bu kimi tədbirlər Ulu Öndər Heydər Əliyevin irsinin təbliğı, gələcək nəsillərə çatdırılması, iki dost ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət çatdırır.
Qeyd edək ki, müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı verilib. Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqələrin 5 qalibinin isə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.