“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın saytımıza verdiyi məlumata görə Niderlandda işıq üzü görən “For you” jurnalı ilə artıq bir ildir ki, əməkdaşlıq haqqında müqavilə imzalanıb. Mayisə Ağamirzəyva qeyd edib ki, bu jurnalla iki illik müqavilə imzalayıblar: “Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müqaviləyə razılıq verdik. Qeyd etmək istəyirəm ki, jurnalda Niderlandda yaşayan, Birliyimizin üzvü, Real TV-nin Avropa Bürosunun rəhbəri Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışından bəhs edən “28” filmi və onun Şuşada itirdiyi usaqlığı haqqında müsahibəsi, burda uşaq bağçasında müəllimə işləyən birliyimizin üzvü Təranə Zamanovanın Azərbaycan ailələrində uşaq tərbiyəsi haqqında, “Simons Levelt” şirkətinin Haaqadakı təmsilçilərindən biri, sahibkar xanım Nahidə Bayramovanın Azərbaycan çay mədəniyyəti haqqında, bundan başqa tərcüməçi- hüquqşünas Sevinc Əfəndiyevanın müsahibələri dərc olunub. Jurnalın bu ay dərc olunan növbəti sayında isə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Azərbaycan milli geyimləri haqqındakı müsahibəsi dərc olunub.
Qeyd edək ki, jurnal ildə dörd dəfə dərc olunaraq pulsuz paylanılır.