Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə prosesi yüksək seçici fəallığı ilə müşahidə olunub.
“Diaspornews.az” xəbər verir ki, paytaxt Varşavada və digər şəhərlərdə yaşayan 100-dən çox soydaşımız seçkidə iştirak edib.
Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib: “Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı dünyanın müxtəlif ölkələrində olduğu kimi, Polşada da soydaşlarımız həmrəylik nümayiş etdirdilər. Biz də öz növbəmizdə Polşa Azərbaycanlıları Şurası olaraq, vətəndaş mövqeyi sərgiləyib həm səfirlikdə səsvermədə iştirak etdik, həm də vətəndaşlarımızın seçkidə iştirakı üçün hərtərəfli kömək etməyə çalışdıq. Polşanın digər şəhərlərində yaşayan 70-dən çox soydaşımızın seçkidə iştirakı üçün nəqliyyat vasitələrinin təşkilini həyata keçirdik. Bu qədər soydaşımızı bir arada görmək və bu işin təşkilində iştirak etmək həqiqətən çox qürurvericidir. Polşadakı soydaşlarımız da qalib ölkənin vətəndaşları kimi səsvermə hüquqlarından böyük qürur hissi ilə istifadə etdilər”.