image-2000x150
image-17071507843142821233_1200x630backend

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüşüb

image-768x150

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli nəşrin fəaliyyət istiqamətləri, yerli və beynəlxalq təşkilatlarla informasiya mübadiləsi və qazandığı uğurlardan danışıb.

Baş redaktor bildirib ki, ölkəmizin çap mediasında özünəməxsus dəst-xəti ilə seçilən “Azərbaycanım” jurnalı 20 ilə yaxındır maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Əsas qayəsi ölkəmizi xaricdə layiqincə təbliğ etmək olan jurnal öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını, poliqrafiya keyfiyyətini yüksəldib müasirləşdirərək diaspor təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlığın davam etdirilməsi istiqamətində çoxşaxəli səmərəli işlər görüb. Bunun nəticəsidir ki, “Azərbaycanım” jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.

Görüşdə mətbuatımızın böyük tərəqqi yolu keçdiyini qeyd edən E.Nəsirli vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində atılan addımlar Azərbaycan mediasının inkişafına mühüm töhfələr verib. Bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin göstərilməsi, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media nümayəndələrinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər amillər milli mətbuatımızın inkişafını şərtləndirib.

E.Nəsirli nəşrin Redaksiya Şurasının qərarı ilə səfir İssam bin Saleh əl-Cuteylinin “Azərbaycanım” beynəlxalq jurnalının fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.

Səfir İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalında yayımlanan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və fəxri üzvlüyə layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib. Medianın siyasi-iqtisadi, mədəni-tarixi, dini-milli proseslərdə və sosial həyatın müxtəlif sahələrində mühüm rolunu xüsusi vurğulayan diplomat bildirib ki, media humanist yönümlü cəmiyyətin yaranmasında fəal iştirak edir.

İssam bin Saleh əl-Cuteyli redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini əks etdirən fotostendlə tanış olub.

Söhbət zamanı səfirliklə “Azərbaycanım” jurnalı arasında əməkdaşlığın genişləndirilməsi və bu əlaqələrin Səudiyyə Ərəbistanının Azərbaycanda, ölkəmizin isə Səudiyyə Ərəbistanında tanıdılmasında önəminə dair fikir mübadiləsi aparılıb.

Sonra səfir İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə ilk qonağı kimi nəşrin “Fəxri xatirə kitabı”na ilk ürək sözlərini yazıb.

image-170715078473312048_1200x630 image-17071507842089020855_1200x630

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki