Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin final oyunu baş tutub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən oyunun sonunda Albaniya komandası 2-1 hesabı ilə qalib gəlib.
Oyunun sonunda Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov və İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev qalib gələn Albaniya komandasına kuboku və xatirə medallarını təqdim edib. Səfir Zaur Əhmədov finala çıxan Albaniya və Bosniya komandalarına gözəl və baxımlı oyunu nümayiş etdirdiklərinə görə minnətdarlığını ifadə edərək, “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin İsveçdə yaşayan bir çox ölkələrin idmansevərləri üçün maraq doğuran bir idman bayramına çevrildiyini bildirib.
Beləliklə, baş tutan turnirdə ikinci yerdə Braziliya, üçüncü yerdə isə İsveçdə yaşayan həmvətənlərimizdən ibarət Azərbaycan komandası qərarlaşıb.
Qeyd edək ki, turnir İsveç Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilib.