Prezident İlham Əliyev: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir”
Azərbaycan türk dünyasının ən öndə gedən ölkələrindən biridir. İstər siyasi, istərsə də iqtisadi gücü baxımından ölkəmiz türk dövlətləri arasında seçilir. Eyni zamanda, Azərbaycan qlobal olaraq öz sözünü deyib. Türk dövlətləri arasında Azərbaycan öz təşəbbüs və keçirdiyi beynəlxalq tədbirləri ilə saysız ilklərə imza atıb. Bu baxımdan elə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını – COP29-u qeyd etmək olar. Azərbaycan COP keçiriləcək ilk türk dövləti olaraq tarixə düşəcək. Prezident İlham Əliyevin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında COP29 haqqında da danışıb: “İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir”. İqlim dəyişmələrinin təsirləri və bu təsirlərin azaldıması qlobal zərurətə çevrilib. Qlobal iqlim dəyişmələrinin hazırkı dövrdə bütün bəşəriyyəti narahat edən ən mühüm problemlərdən biri olduğunu əminliklə söyləmək olar. Dünyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycanda baş verən bu dəyişmələr xüsusən son onillliklər də daxil olmaqla müxtəlif fəsadlar yaradır və onlara qarşı müvafiq tədbirlər görmək lazım gəlir. İqlimin Dəyişməsi Problemləri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 4-cü Hesabatında göstərilmişdir ki, son 100 ildə Yer kürəsində orta illik temperatur 0,8ºC artmışdır. Bu artımın mənfi nəticələri dünya okeanı səviyyəsinin 15-25 sm qalxmasında, müxtəlif regionlarda çayların axım rejiminin, göllərin su ehtiyatının arzuolunmaz dəyişilməsində, atmosferlə bağlı baş verən təbii fəlakətlərin artmasında və s. özünü büruzə vermişdir. İqlim dəyişiklikləri ilə əlaqədar son onilliklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, subasmalar, güclü küləklər, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və s. daha intensiv baş vermiş, bütün bunlar insan tələfatı və dağıntılarla nəticələnmişdir. Son 100 ildə Azərbaycanın müxtəlif rayonlarında orta illik temperaturlar 0,4-1,3ºC-yə qədər artmışdır. Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,3ºC artması müşahidə olunmuşdur. Qlobal və regional İqlim Dəyişmələri ssenarilərinə əsasən, 2100-cü ilə qədər Yer kürəsində orta temperaturun artması gözlənilir. Orta temperaturun 2ºC-yə qədər artması daha ciddi fəlakətlərə səbəb ola bilər.
COP29-a ev sahibliyi etmək bizim dövlət üçün həm çox böyük məsuliyyət, həm də prestijdir. Bu, eyni zamanda türk dünyasında örnək olaraq vurğulanmalıdır. Ümumiyyətlə, Azərbaycanın atdığı addımlar türk dünyasında örnək xarakteri daşıyır. Və türk dünyasının birliyi üçün Prezident İlham Əliyev öz səy və çalışmalarını son illər daha çox gücləndirib. Bu baxımdan dövlətimizin başçısı bir sıra təşəbbüslərlə çıxış edib. Son illər biz bunu açıq-aydın görürük. Ölkəmizə səfər edən türk dövlət rəsmiləri də bunu etiraf edirlər. Prezident İlham Əliyevin görüşdə dediyi kimi, türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir: “Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”.
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin qurulması xüsusi önəm daşıyır. Eyni zamanda türk dövlətləri ilə iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlıq gücləndirilir. Bu da dövlətlərlə yanaşı, xalqların da humanitar əlaqələrinin möhkəmlənməsinə xidmət etdir. Bu gün türk dünyası öz birliyini qlobal güclər qarşısında göstərməlidir. Tarixən etnik bağlılığı olan türk xalqlarının siyasi anlamda dövlət olaraq birliyinin artması dünyaya yeni güc mərkəzinin ortaya qoyulması deməkdir. Hazırda Azərbaycan bir çox məsələlərdə türk dünyasında lokomotiv dövlət rolunu oynayır.
Türk dövlətlərinin birliyi sözdə deyil, əmıkdə olmalıdır. Bunun üçün praktik addımlar atılmalıdır. Siyasi-iqtisadi, mədəni-kütləvi layihə və tədbirlər keçirilməlidir.
Dünya azərbaycanlılarının milli birliyini təmin edən, onların dünya birliyinə təbii inteqrasiyasını şərtləndirən vasitə olaraq türk dünyasının rolu get-gedə güclənməkdədir. Müasir dövrdə insan mənəviyyatına təsir imkanlarının genişləndiyini nəzərə alsaq, azərbaycanlıların birliyinin digər bir konteksti kimi İslam dünyası ilə əlaqələr də mühüm əhəmiyyət kəsb etməkdədir. Və beləliklə, hər bir azərbaycanlı özünəməxsus aləmi ilə yanaşı, türk dünyasının, islam dünyasının və ümumən dünyasının övladıdır.
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi