17 may 2025-ci il tarixində Xocavənd şəhərində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli tərəfindən yaradılmış şəhərin ilk ictimai-sosial obyekti olan “Xocavənd” otelinin açılış mərasimi keçirilib.
Açılışda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu, Türkiyə Respublikasının Prezidentinin Baş müşavirliyinin şöbə müdiri Fatih Topaktaş, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli açılışda bildirib ki, 17 may 2025-ci il tarixi həyatımda növbəti uğura imza atdığım gün kimi xatirimdə qalacaq: “Azərbaycan Respublikasinın Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin abadlaşdırılması və yenidən qurulması istiqamətində verdiyi sərəncam təkçə dövlət qurumlarının deyil, həmçinin iş adamlarının, hamımızın borcudur. Uğrunda vuruşduğum, az qala ölümcül yaralandığım Xocavənd şəhərində eyniadlı otelin tam təmiri mənim üçün prinsip məsələsi idi, o mənada ki, bəlkə də iqtisadi rentabelliyə malik olmayan bu obyektin istifadəyə verilməsini mənim dövlətə və xalqa bu istiqamətdə verəcəyim töhfə sanıram. Torpaq uğrunda vuruşmaq azdır, onu həm də yaşatmaq gərəkdir”.
O, zamanında bütün hərbi uğurlarının doğma Xocavənd şəhəri istiqamətində gedən döyüşlərdə olduğunu deyib.
Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxşında deyib ki, “Xocavənd” otelinin təmir edilib, istifadəyə verilməsilə Milli Qəhrəman İbad Hüseynlinin bu nəcib hərəkəti iqtisadi baxımdan simvolik xarakter daşıyır.
Tədbirdə Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu çıxışına Prezident Rəcəb Tayyib Ərdoğanın və türk millətinin salamlarını çatdırmaqla başlayıb: “BMT və ATƏT-in qərarlarına baxmayaraq, 30 ildir ki, Ermənistan silahlı qüvvələri və terror təşkilatları tərəfindən işğal və soyqırımı altında olan Qarabağ öz qəhrəman övladlarının nəcib qanı, böyük iradə və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində şərəfli qələbə nəticəsində işğaldan azad edilib.
Can Azərbaycan ordusu erməni işğalçılardan fərqli olaraq başqasının torpağını işğal etmədi, mülki əhalini və ya mülki yaşayış məntəqələrini hədəf almadı, soyqırımı törətmədi, müharibənin və beynəlxalq hüququn legitimliyi çərçivəsində 44 günlük Vətən müharibəsində şanlı qələbəsini qazandı.
İndi Qarabağın erməni qəsbkarları tərəfindən dağıdılan hər bir guşəsinin dirçəldilməsi və yenidən qurulması zamanıdır və Türkiyə bu məsələdə də qardaş Azərbaycanın yanında olacaq.
Bu dirçəliş və yenidənqurmanın çox gözəl nümunəsini Azərbaycanın Milli Qəhrəmanı, türk dünyasının qəhrəman oğlu qardaşım İbad Hüseynli həyata keçirib.
Ümid edirəm ki, açdığımız bu gözəl məkan Xocavənd və Qarabağ üçün faydalı olacaq və çoxlu qonaqları qəbul edəcək.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qalib Ali Baş Komandan İlham Əliyevə və onun şanlı əsgərlərinə eşq olsun! Dost da, düşmən də gördü ki… Qarabağ Azərbaycandır!”
Tədbir Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyəti nümayəndələri və qazilərin coşğun çıxışları ilə yadda qalıb.