Fevralın 24-də Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.
“Diaspornews.az” xəbər verir ki, Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib.
Bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov film üzərində peşəkar komandanın aylarla gərgin iş apardığını diqqətə çatdırıb.
Filmin rejissoru Elçin Elxanlı Xocalı soyqırımı mövzusunun ağırlığı və tarixi Zəfərin gətirdiyi təsəlli, ümid barədə danışıb.
Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.
Təqdimat mərasimində çıxış edənlər itkinlər mövzusunda bu cür peşəkar işlənilmiş QHT layihələrinə, audiovizual əsərlərə, bədii və sənədli fimlərə böyük ehtiyac olmasından danışıblar.
Filmi fevralın 26-da saat 21:00-da AZTV-də izləmək mümkündür.
Bundan başqa, filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.