Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Yaponiyada Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edir. Noyabr ayının 15-də Tokio şəhərində yerləşən Seijo Universitetinin Hüquq Fakültəsində ilk dəfə olaraq bu fənnin mühazirələri təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xdmətindən saytımıza bildirilib ki, fənni Yaponiyada yaşayıb fəaliyyət göstərən həmyerlimiz Əlibəy Məmmədov tədris edib. Dərsdə 2 professor və 44 tələbə iştirak edib. Ə.Məmmədov ilk öncə Azərbaycanın multikulturalizm dəyərləri, ölkəmizdəki tolerant mühit, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət haqqında ətraflı məlumat verib. Azərbaycandakı etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların və fərqli konfessiya nümayəndələrinin dinc yanaşı yaşaması barədə danışıb.
Daha sonra Bakıda keçirilən COP29-un vacibliyi, dünyaya və Azərbaycana müsbət təsirləri haqda fikirlərini bölüşüb. O, həmçinin Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmək üçün həyata keçirilmiş anti-terror əməliyyatlarının tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsindəki milli həmrəylik mövzusuna da toxunub. Qeyd edək ki, Ə. Məmmədov eyni zamanda Yaponiyanın Hokkaydo Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edir. Fənnin tədrisi Hokkaydo Universitetində Slavyan Araşdırmalar Mərkəzi ilə Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzi arasında 2017-ci ildə əldə edilən anlaşma əsasında həyata keçirilir. Artıq 8 ildir ki, Yaponiyada BBMM-in təşkilatçılığı ilə Ə. Məmmədov tərəfindən Azərbaycan multikulturalizmi fənni tədris olunur və hər il bir neçə yaponiyalı tələbə Beynəlxalq Yay və Qış Multikulturalizm məktəbləri çərçivəsində Azərbaycana səfər etmək imkanı qazanır. Azərbaycan həqiqətlərinin Yaponiyada çatdırılmasında BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin əhəmiyyəti böyükdür.