image-2000x150
image-17108658576300931777_1200x630backend

Yekaterinburqda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib

image-768x150

Yekaterinburqda Azərbaycanın Baş Konsulluğunun təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Novruz bayramı tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun üzvləri – Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Kamran Kərimov və muğam müsabiqəsinin qalibi Ayşən Mehdiyevanın canlı ifası səslənib, müxtəlif bayram ənənələrini özündə əks etdirən səhnəciklər və bayram taamları təqdim olunub.

Bayram tədbirinin keçirildiyi məkan Novruz ənənəsini özündə əks etdirən bayram atributları – səmənilər, bayram xonçaları, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili”, Novruz bayramı və digər banerlər ilə bəzədilib. Qonaqlara Baş Konsulluq tərəfindən xüsusi hazırlanmış Novruz simvolları hədiyyə edilib.

Tədbirə dəvət olunanlar arasında dövlət və hökumət nümayəndələri, Rusiya Dumasının, Sverdlovsk və Tümen vilayətlərinin qanunvericilik məclislərinin deputatları, diplomatik korpusun təmsilçiləri, şəhər meriyasının rəhbərliyi, universitet rektorları, yerli ictimaiyyətin və Ural Federal dairəsində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri, azərbaycanlı tələbələr var idi.

Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamının ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin adından onun müavini Vasili Kozlov, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Merzlyakova, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Çepikov, Yekaterinburq şəhər meri Aleksey Orlovun adından onun müavini Dmitri Nojenko, Sverdlovsk vilayətinin İctimai Palatasının sədri Aleksandr Levin “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski və başqaları günün mahiyyətindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından bəhs ediblər və bu əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını, xalqımızı təbrik ediblər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki