Rusiyanın Yaroslavl şəhərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin birgə təşkilatçılığı ilə genişmiqyaslı festival-konsert keçirilib.
Festival Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunub. Tədbir Yaroslavlda fəaliyyət göstərən Rusiya Millətlər Evi (Дом Народов), Yaroslavl Azərbaycan Milli-Mədəni Muxtariyyatı (sədr: Nəsrəddin Aləkpərov), Rusiya Azərbaycan Qadınlar Birliyi (sədr: Xatirə Qəmbərova) və Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” Milli-Mədəni Mərkəzi (sədr: Xeyransa Mirzəyeva) tərəfindən təşkil olunub.
Festival iki mərhələdən, sərgi və master-klasslar, eləcə də konsert proqramından ibarət olub.
Konsert proqramı təşkilatçıların çıxışları ilə başlayıb. Yaroslavl Azərbaycan Milli-Mədəni Muxtariyyatının sədri Nəsrəddin Ələkpərov qonaqları salamlayaraq tədbirin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirib. O, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin qazanılmasında azərbaycanlıların mühüm rolunu xüsusi vurğulayaraq iştirakçıları ümumi qələbə münasibətilə təbrik edib. Eyni zamanda Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində təşkilatın gördüyü işlərdən danışıb.
Rusiya Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova çıxışında “Çinar” ansamblının rəhbərliyinə mədəniyyətimizi yüksək səviyyədə təmsil etdiklərinə görə xüsusi təşəkkürünü bildirib. O qeyd edib ki, mədəniyyət, incəsənət və musiqi insanları bir araya gətirir, milli-mənəvi dəyərlərin qorunması və digər xalqlara təqdim olunması isə şərəfli və təqdirəlayiq bir missiyadır. Xatirə Qəmbərova ansamblın fəaliyyətinə uğurlar arzulayaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik edib.
Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” Milli-Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasova mərkəzin sədri Xeyransa Mirzəyevanın salam və təşəkkürünü tədbir iştirakçılarına çatdırıb. O, ansamblın 27 illik fəaliyyəti ərzində qazandığı uğurlardan söz açaraq Yaroslavlda fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə birgə keçirilən tədbirdən məmnunluğunu ifadə edib və dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. “Çinar” ansamblının solistlərinin rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.
Festival çərçivəsində sərgi və master-klasslar da yüksək səviyyədə təşkil olunub. Sərgidə qəhrəmanlara həsr olunmuş fotoşəkillər, eləcə də məktəblilərin Qələbənin 80 illiyinə ithaf edilən rəsmləri nümayiş etdirilib.
Rusiya Azərbaycan Qadınlar Birliyinin üzvləri kəlağayılarla bəzədilmiş guşədə milli ornamentləri təqdim edərək Azərbaycan xalqının zəngin mədəni irsə sahib olduğunu nümayiş etdiriblər. Xına ilə keçirilən master-klass isə qonaqların böyük marağına səbəb olub.
Yaroslavl Qadınlar Birliyinin xanımları tərəfindən şəkərbura, paxlava, badambura, İrəvan kətəsi və digər milli şirniyyatlarla zəngin çay süfrəsi hazırlanıb.
Milli rəqslər üzrə master-klass tədbirə xüsusi coşqu qatıb. Yaroslavl, Sankt-Peterburq və Krımdan olan nümayəndələr birgə şəkildə master-klassda iştirak ediblər.
Krımın Simferopol şəhərindən dəvət olunmuş qonaq Qızqayıt Qədirova təbii daşlarla işlənmiş əl işlərini sərgidə təqdim edib. Qran-pri mükafatçısı Leyla Muradzadə konsert proqramında Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini səsləndirib, “Yüzbiri” rəqsini isə məharətlə ifa edərək tədbirə xüsusi rəng qatıb.
Festival tamaşaçıların böyük marağı ilə qarşılanıb və anşlaqla keçib.















































