image-2000x150
image-whatsapp-image-2026-04-27-at-1backend

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

image-768x150

Yaponiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı və müəllif Əlibəy Məmmədov Azərbaycan haqqında növbəti kitabını nəşr etdirib. Bu, onun yapon dilində çap olunan ikinci kitabıdır. Müəllifin ilk əsəri — “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” — 2018-ci ildə işıq üzü görmüşdü.
Yeni kitab “Azərbaycan adlı strategiya” adlanır. Nəşrin üz qabığında qeyd olunur ki, bu ölkəni tanımadan dünyanı anlamaq mümkün deyil və kiçik dövlətin böyük güclərlə rəqabətdə uğur qazanma yolları məhz bu əsərdə izah edilir.
Kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzuları əhatə edir. Əsərdə Azərbaycanın qonşu və digər dövlətlər balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Müəllif Azərbaycanın müxtəlif dövlətlərlə — Türkiyə, İsrail, İran, Rusiya, Ukrayna və ABŞ-la balanslaşdırılmış siyasət yürütməsini xüsusi vurğulayır. Eyni zamanda ölkənin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb.
Əsərdə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə də toxunulur. Xüsusilə Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı, qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətləri — INPEX və Itochu Corporation — tərəfindən Azərbaycana yatırılan investisiyalar xüsusi qeyd olunur.
Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan nailiyyətləri vurğulayır. Kitabda, həmçinin İkinci Qarabağ müharibəsi zamanı əldə olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil olunur.
Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr, beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri də ətraflı təsvir edilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər və regionda təşkil olunan siyasi və mədəni tədbirlər kitabın əsas mövzularındandır. Bununla yanaşı, müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər və xüsusilə Yaponiyada keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır. Kitabda “şərab diplomatiyası” anlayışı da xüsusi yer tutur — Azərbaycan şərabının Yaponiyada yalnız məhsul kimi deyil, həm də mədəniyyətin daşıyıcısı kimi təqdim olunduğu qeyd edilir.
Kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır. Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər. Müəllifin fikrincə, “Azərbaycan adlı strategiya” Yaponiyada ölkəmizin daha yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək.
Əsər artıq Yaponiyada geniş maraq doğurub. Populyar YouTube kanallarında təqdimatları yayımlanan kitabın ikinci tirajının çapına qərar verilib.
Qeyd edək ki, kitabın 2026-cı il aprel ayının 27-dən Yaponiyada rəsmi satışlarına başlanalıb. Artıq bir ay əvvəl “Amazon” reytinqlərində də yapon dilində kifayət qədər satışları gedir və ön sıralardadır. Kitab, eyni zamanda bir çox mərkəzi kitabxanalara, universitetlərə paylanılacaq.
Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb. 2015-ci ildən isə Yaponiyada biznes sahəsində fəaliyyət göstərir.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki