Azərbaycan elmi və təhsil mühitində xüsusi çəkisi ilə seçilən Azərbaycan Tibb Universiteti bu gün təkcə yüksək ixtisaslı kadrların hazırlanması ilə deyil, həm də gənclərin elmi fəaliyyətə cəlb olunması, onların düşünən, araşdıran və yaradan fərdlər kimi formalaşdırılması ilə fərqlənir. Bir aya yaxındır ki, universitetin müxtəlif fakultələrində keçirilən Tələbə Elmi Cəmiyyətlərinin konfransları kimi Əczaçılıq fakültəsi TEC-nin konfransı da məhz bu ali məqsədlərin parlaq təcəssümü oldu.

Konfransda çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan tələbələrin artıq yalnız ölkə daxilində deyil, beynəlxalq elmi platformalarda da uğurla çıxış etdiyini xüsusi vurğuladı. Onun sözlərinə görə, universitetdə aprel və may ayları artıq ənənəvi olaraq “elm bayramı” kimi qeyd olunur və bu müddətdə tələbələrin elmi nailiyyətləri daha aydın görünür. Bu yanaşma ATU-da elmin təhsilin ayrılmaz hissəsi olduğunu bir daha sübut edir.

Uzun illərdir ATU-nun Əczaçılıq fakültəsinin “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğul olan bir alim kimi qeyd etmək istərdim ki, bu prosesin içində olmaqdan, gənclərin elmə ilk addımlarına şahidlik etməkdən və onların uğurlarını görməkdən böyük mənəvi qürur hissi keçirirəm. Çünki mənim üçün müəllimlik yalnız bilik ötürmək deyil – düşünməyi öyrətmək, araşdırma ruhu aşılamaq və tələbənin daxilində gizlənən potensialı üzə çıxarmaqdır.

Hər il elmə xüsusi həvəsi olan tələbələrimizi Tələbə Elmi Cəmiyyətində fəaliyyətə cəlb etmək universitetimizdə ənənə halın alıb və biz müəllimlər üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə tələbələrimizi bu işə elə birinci kursdan cəlb etməyə çalışıram. İnanıram ki, elmi təfəkkür nə qədər erkən formalaşsa, gələcək də bir o qədər möhkəm təməl üzərində qurular. Onlara yalnız dərs demək yox, eyni zamanda elmi tədqiqatın nə olduğunu, sual verməyin, şübhə etməyin və cavab axtarmağın dəyərini öyrətməyə çalışırıq.
Sevindirici haldır ki, bu yanaşma öz bəhrəsini verir. Son beş ildə rəhbərlik etdiyim tədqiqat işlərini yerinə yetirən tələbələrimizin demək olar ki, hamısı birinci yerə layiq görülüb. Bu uğurlar mənim üçün sadəcə statistik nəticə deyil – bu, zəhmətin, inamın və müəllim-tələbə arasında qurulan səmimi elmi əməkdaşlığın göstəricisidir.
Bu il isə xüsusilə fərqli və mənəvi yükü ağır olan bir tədqiqat üzərində çalışdıq. İşimizi iki tələbə ilə apardıq: Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunu olmuş və hazırda ATU-nun Əczaçılıq fakultəsində ikinci ali təhsil alan, elmə böyük maraq göstərən İ kurs tələbəsi Günay Mahmudi və ATU-nun I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi, eyni zamanda şəhid generalımız Polad Həşomovun övladı Aybəniz Həşimova.

Tədqiqatımız xalqımızın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun yalnız hərbi şücaətinin deyil, həm də onun az tanınan, lakin son dərəcə dəyərli bir tərəfinin – şəfalı bitkilərə olan dərin biliyinin öyrənilməsinə həsr olunmuşdu. “Qəhrəmanlıq salnaməsi: Torpaqdan doğulan igid – Polad Həşimov” adlı bu tədqiqat işi bizim üçün sadəcə elmi araşdırma deyildi. Bu, həm də mənəvi bir səyahət idi – torpağa bağlılığın, təbiətə sevginin və insanlara şəfa vermək istəyinin elmi təhlili idi.

Araşdırmalar göstərdi ki, Qəbələnin Vəndam kəndində, təbiətin qoynunda böyüyən Polad Həşimov yalnız bir hərbçi deyil, həm də təbiətin dilini anlayan, onun şəfa gücünü hiss edən bir insan olub. Ailə üzvüləri öz xatirələrində qeyd edirlər ki, Polad Həşimov hər zaman Azərbaycanın müxtəlif döyüş bölgələrində olduğu zaman, boş vaxtlarında mütləq o ərazilərin təbiəti ilə maraqlanar və həmin ərazilərdən müxtəlif dərman bitkiləri toplayıb, sonralar evə gətirərdi. Ailə üzvüləri xəstələndikdə onlara bu şəfalı otlardan istifadə etməyi məsləhət görərdi. Həyat yoldaşı Ofelya xanım söhbətlərinin birində qeyd edib ki, “Polad şəhid olanda biz Qəbələdə idik. Onun şəhid olmasından bir müddət sonra, əşyalarını götürmək üçün Şəmkir rayonuna getdik. Və o zaman mən onun stolunun üstündə döyüş ərazilərindən topladığı xeyli sayda dərman bitkiləri gördüm və onları evə gətirdik. Amma biz bu bitkiləri tanıya bilmədik”.

Atasının hər zaman qızının həkim olmaq, insanlara şəfa vermək arzusunu onun ölümündən sonra gerçəkləşdirən Aybəniz Həşimovanın gətirdiyi, atasının topladığı bitkiləri tədqiq edərkən məlum oldu ki, şəhid generalımızın seçdiyi bitkilər – cökə, adaçayı, itburnu, andız kökü, qaraqınıq, razyana və digərləri – bu gün tibbdə də öz təsdiqini tapmış müalicəvi xüsusiyyətlərə malikdir. Bu bitkilərin analiz olunmasında bizə böyük elmi dəstək verən, farmakoqnoziya elmi sahəsində dərin bilik və təcrübəsi ilə seçilən hörmətli professor Cavanşir İsayevin rolu xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə şəhid generalın topladığı bitkilərin identifikasiyası aparıldı və bu bitkilərin hər birinin farmakoloji xüsusiyyətləri elmi əsaslarla izah olundu. Bu fakt bir daha göstərdi ki, Polad Həşimovun təbiətə bağlılığı təsadüfi deyil, dərin müşahidə və həyat təcrübəsinə əsaslanırdı.
Konfrans günü isə mənim müəllimlik həyatımın ən unudulmaz anlarından biri oldu. Tələbələrimiz – Aybəniz və Günay bu işi böyük məsuliyyət və duyğu ilə təqdim etdilər. Xüsusilə Aybənizin çıxışı zalda dərin sükut və kövrəklik yaratdı. O, yalnız bir tələbə kimi deyil, atasının mənəvi irsini yaşadan bir övlad kimi danışdı.
Tədbirdə iştirak edən generalın həyat yoldaşı Ofelya Salmanovanın gözlərindəki qürur və çıxışında söylədiyi minnətdarlıq hissi isə bizim üçün ən böyük qiymət idi. Məruzənin həm konfrans iştirakçıları, həm universitet rəhbərliyi, həm də münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanması bizim zəhmətimizin boşa getmədiyini göstərdi.
Və nəhayət, tələbələrimizin bu işi ilə referativ tədqiqatlar arasında birinci yerə layiq görülməsi mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevinc idi. Bu, təkcə bir qələbə deyil – bu, elmin, zəhmətin və mənəvi dəyərlərin vəhdətinin qələbəsi idi.
Bu gün bir müəllim, bir tədqiqatçı alim kimi inamla deyə bilərəm ki, elm yalnız laboratoriyalarda deyil, həm də insanın qəlbində formalaşır. Əgər tələbə öz işinə sevgi ilə yanaşırsa, o zaman onun araşdırması sadəcə nəticə deyil – bir missiyaya çevrilir.

Polad Həşimovun timsalında biz bir daha gördük ki, qəhrəmanlıq və şəfa eyni kökdən qidalanır – Azərbaycan torpağından. Və bu torpaqdan doğulan gənclər, bu gün elm yolu ilə həmin mirası yaşatmağa davam edirlər. ATU-da həyata keçirilən bu kimi elmi təşəbbüslər isə həmin mənəvi mirası gələcək nəsillərə ötürmək üçün mühüm platformadır. Burada yetişən tələbələr yalnız peşəkar mütəxəssis deyil, həm də dəyərlərinə sadiq, düşünən və yaradan vətəndaşlar kimi formalaşırlar.
Sonda isə bir həqiqət dəyişməz qalır: Ata arzuları övladların yolunda işığa çevrilir. Və bu işıq, elm və vətən sevgisi ilə daha da parlayır. Bu yol çətindir, amma şərəflidir. Və biz bu yolda tələbələrimlə birlikdə addımlamaqdan qürur duyuruq!
ATU-nun Əczaçılıq texnologiyası
və idarəçiliyi kafedrasının baş müəllimi,
YUNESKO Beynəlxalq Müəllimlər Forumu
və dünya Tibbi Hüquq Assosasiyasının üzvü,
tarix elmləri (təbabət tarixi üzrə) üzrə fəlsəfə doktoru Aidə Bəndəliyeva





























