Avstraliya Azərbaycan Assosiasiyasının Birliyi (AAA) 8 Noyabr – Zəfər Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birliyin prezidenti Mikayıl Oyta tərəfindən yayılan bəyanatda 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs olunub.
Bəyanatda qeyd edilib ki, Müzəffər Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, müasir hərbi taktika və qəhrəmanlıq sayəsində uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarını azad edərək tarixə şanlı səhifə yazıb.
Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi bu əlamətdar gün münasibətilə Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna və dünyanın müxtəlif ölkələrində yaşayan 55 milyonluq Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb.
Bəyanatda Azərbaycan Ordusunun göstərdiyi şücaətin, xalqın nümayiş etdirdiyi milli həmrəyliyin və Vətənə bağlılığın tariximizin qürurverici səhifələrindən biri olduğu vurğulanıb.
Avstraliyada yaşayan azərbaycanlıların da bu tarixi Zəfərin sevincini bölüşdüyü bildirilib. Eyni zamanda, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərə minnətdarlıq ifadə olunub.
Bəyanatın sonunda Zəfər Bayramı münasibətilə təbriklər səsləndirilib, Azərbaycanın müstəqilliyinin, xalqın birliyinin və milli həmrəyliyinin daim yaşaması arzulanıb.





























