Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Təşkilatın sədri Əli Kazımov tərəfindən Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib: “Əlamətdar yubiley tarixi – Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibəti ilə Sizi, komandanızı və bütün dünya azərbaycanlılarını təbrik edirəm.
20 il əvvəl Dövlət Komitəsinin yaradılması ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə idi. Ümummilli lider Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişafı üçün Dövlət Komitəsi yaradılmışdır.
Sizin əməyiniz sayəsində Azərbaycan diasporu güclənib, daha mütəşəkkil və birləşib! Siz dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrin inkişafına və möhkəmlənməsinə, onların milli kimliklərinin qorunub saxlanmasına, millətlərarası münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz. Çoxşaxəli fəaliyyətiniz xüsusi hörmətə, şərəfə və minnətdarlığa layiqdir. Əminəm ki, siz bundan sonra da Azərbaycan diasporunun uğurlu inkişafına öz əvəzsiz töhfənizi verəcəksiniz!
Sizə və həmkarlarınıza səmimi qəlbdən uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.