image-2000x150
image-16741552901806528971_1000x669backend

Küveytdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

image-768x150

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində bu ölkədə yaşayan və çalışan icma üzvlərinin, həmçinin Küveytdə təhsil alan azərbaycanlı və türk tələbələrin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Emil Kərimov Azərbaycan xalqının tarixinə hüzn və qəhrəmanlıq günü kimi daxil olmuş Qanlı Yanvar hadisələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, ötən əsrin sonlarında, SSRİ-nin süqutu ərəfəsində erməni millətçilərinin Azərbaycana qarşı növbəti ərazi iddiaları qaldırmaları, Topxana meşəsindəki ağacların qırılması və Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsi xalqımızın haqlı narazılığına və etirazlarına səbəb olub. Eyni zamanda, 1987-1988-ci illərdə Ermənistandakı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub. Bu, azərbaycanlıların bir əsrdə dördüncü dəfə məruz qaldıqları kütləvi etnik təmizləmə siyasəti idi. Həmin illərdə Sovet İttifaqının lideri olmuş Mixail Qorbaçov gərginliyi sakitləşdirmək əvəzinə erməni separatçılarına dəstək verirdi.

Səfir diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 20-də Bakıda dinc sakinlərə qarşı törədilən qırğın nəticəsində 150 nəfər həyatını itirib, 744 nəfər ağır xəsarət alıb, 400 insan həbs olunub və 4 nəfər itkin düşüb. Qətlə yetirilən insanlar arasında uşaqlar, yaşlılar və qadınlar var idi. Bu qanlı hərbi əməliyyat SSRİ və Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyalarının, habelə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın kobud şəkildə pozulması demək idi.

E.Kərimov vurğulayıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev öz həyatı üçün təhlükəyə məhəl qoymadan Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrə kəskin etirazını bildirib, onları törədənləri qınayıb. Onun bu bəyanatı faciə ətrafında informasiya blokadasını yarmaqla yanaşı, həm də azərbaycanlıların qəlbində inam hissini gücləndirib.

Diplomat Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvlərinə göstərdiyi qayğı və yaradılan şərait barədə məlumat verib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməsindən danışıb.

Tədbirdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə, küveytli iş adamı Bədi Haşim Əl Əvadi 20 Yanvar hadisələri haqqında danışaraq öz hüznlərini bilriblər.

Sonra tədbir iştirakçıları Qanlı Yanvar hadisələri barədə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı sənədli filmə baxıblar.

image-16741552902361448317_1000x669

image-16741552902263327170_1000x669

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki