Sentyabrın 20-də Moskva Müharibə Veteranları Komitəsində “Tankçılar günü” və “Sovet mühafizəçiləri günü”nə həsr olunmuş tədbir keçirilib. “Diaspornews.az” xəbər verir ki, tədbirdə “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov, təşkilatın üzvləri İrina Cəfərovna və İlqar Məmmədov da iştirak ediblər.
Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovu şəxsən tanıyan və onunla birlikdə Stalinqrad döyüşündə iştirak etmiş İkinci Dünya müharibəsi veteranı, əfsanəvi tankçı Dmitri İvanoviç Ryazantsev də qatılıb. Hazırda 100 yaşı olan Dmitri İvanoviç bildirib ki, Həzi Aslanovu və müharibənin qızğın günlərində onun necə qəhrəmancasına döyüşməyini bu gün də xatırlayır.
Əli Kazımov Dmitri İvanoviçə “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabını təqdim edib.