Rusiya-Ukrayna müharibəsinin birinci ildönümünə bir aydan bir az çox qalıb. 2022-ci ilin fevralın 24-də səhər saat 05:00 radələrində əhali Ukraynanın bir sıra iri şəhərlərində, o cümlədən Odessada partlayış səslərinə oyandı. Məhz müharibənin ilk günlərində Qara dənizdə Odessa sahillərinə doğru Rusiyanın hərbi gəmiləri görünməyə başladı. Odessa şəhərini tam nəzarətə götürmək Rusiyanın strateji hədəflərinə daxil idi. Çünki Odessa Ukraynanın Qara dəniz vasitəsilə dünyaya çıxışı demək idi. Məhz müharibənin ilk günündə Rusiya silahlı qüvvələrinin Odessa vilayətinin strateji sayılan Zmeynıy adasını tutmaqla, həm Odessa şəhərini, həm də Qara dənizin bir hissəsini tam nəzarətə götürdü. Lakin Odessa şəhəri müdafiə olunmağı bacardı və bir neçə aydan sonra Rusiya silahlı qüvvələri Zmeynıy adasından çıxarıldı. Sovet dövründə havadan ən güclü müdafiə sistemlərindən birinin Odessada olması, hərbi dəniz donanmasının inkişaf etməsi, Qara dənizin Odessaya doğru genişmiqyaslı minalanması Rusiyanın bu şəhərlə bağlı planlarını alt-üst etdi. Bu gün isə məhz Odessa limanları vasitəsilə daşınan taxıl və digər kənd təsərrüfatı məhsulları hesabına bir çox ölkələr aclıqdan qurtula bilib.
Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının sədr müavini Anar Natiqoğlu AZƏRTAC-a müsahibəsində bildirib ki, müharibənin ilk günlərindən diaspor fəallarımız, soydaşlarımız Ukrayna xalqının yanında olub, hərbçilərə, mülki şəxslərə humanitar yardımlarını davam etdiriblər.
Bu gün də bu humanitar yardımlar davam etdirilir. “İlk günlərdən Mariupol, Xerson, Nikolayevdən gələn minlərlə soydaşlarımız daha təhlükəsiz yerlərə təxliyə edilib. Bu işdə Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini hiss etmişik. Soydaşımız Şamil Quliyevin rəhbərliyi ilə “Dopomoqa” Xeyriyyə Fondu yaradılıb, xeyriyyəçilik işində sistemli işlər həyata keçirilir”, – deyə Anar Natiqoğlu vurğulayıb.
AZƏRTAC Odessadan hazırladığı video və fotoreportajı təqdim edir.