Martın 20-də Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti tərəfindən Novruz bayramı şənliyi keçirilib. Bayram mırasimində soydaşlarımızla yanaşı, Türkiyə və Küveyt vətəndaşları da iştirak ediblər.
Şənliyi açıq elan edən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə hər kəsi bayram münasibəti ilə təbrik edib. O, bu bayramın bütün türk dünyasının əziz bayramı olduğunu deyib. Bu baharın bütün Turan elləri üçün ruzili bərəkətli olacağını Allahdan diləyib. Könül Hacızadə şənlikdə iştirak edən hər kəsə may ayının 14-də Türkiyədə prezident seçkilərinin olacağını demişdir. Buna görə bütün dualarıyla, Turanın əsas qurucularından olan Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir daha prezident seçiləcəyinə inandığını deyib.
Bayram tədbirində Azərbaycanın milli kulinariya nümunələri olan şəkərbura, paxlava, səməni qonaqlara təqdim edilib. Novruz bayramı tədbirində diasporumuzun kiçik üzvləri tərəfindən şerlər, mahnılar söylənib, Bahar qızının iştirakı ilə şən rəqslər və musiqilər səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.