image-2000x150
image-111backend

Belarusda keçirilən sərgidə Azərbaycan məhsulları nümayiş olunub

image-768x150

7–9 aprel tarixlərində Minsk şəhərində artıq 34-cü dəfə təşkil olunan HORECA sərgisi restoran və otel sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platforma kimi yenidən diqqət mərkəzində olub. Bu nüfuzlu tədbir investorlar, pərakəndə satış menecerləri və biznes sahibləri, qida istehsalı üzrə mütəxəssislər, qəhvə və çay sənayesinin peşəkarları, aşpazlar və şirniyyat ustaları, həmçinin bar və içki sektorunun nümayəndələri üçün geniş əməkdaşlıq və təcrübə mübadiləsi imkanları yaradıb.
Diaspornew.az xəbər verir ki, sərgi çərçivəsində Belarus, Rusiya, Hindistan və Azərbaycandan 70-dən çox şirkət öz stendləri ilə iştirak edərək məhsul və xidmətlərini nümayiş etdirib. Tədbir yalnız sərgi ilə məhdudlaşmayaraq, eyni zamanda müxtəlif məhsul təqdimatları və dequstasiyalar, sahə üzrə ekspertlərin iştirakı ilə təşkil olunan analitik və biznes yönümlü müzakirələr, aparıcı aşpazların iştirakı ilə kulinariya şouları və ustad dərsləri ilə zəngin proqram təqdim edib.
Sərgidə Azərbaycanı təmsil edən “Azerbeltrade” MMC tərəfindən ölkəmizin zəngin aqrar və qida məhsulları geniş auditoriyaya təqdim olunub. Şirkət tərəfindən istehsal olunan təbii nar şirələri, müxtəlif növ kompotlar, mürəbbələr, yüksək keyfiyyətli çay məhsulları, ketçup və digər qida məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Məhsulların təqdimatı zamanı onların təbii tərkibi, yüksək keyfiyyət standartlarına uyğunluğu və milli xüsusiyyətləri xüsusi vurğulanıb.

Qeyd edək ki, sərgidə “Azərsun Holdinq”in ixrac müdiri Çingiz Əhmədov, ixrac meneceri Orxan Məmmədov təmsil ediblər. Həmçinin, sərgidə “Azerbeltrade” MMC-nin rəhbəri Elman Mahmudov, şöbə müdiri Sergey Vəliyev, biznesin inkişafı üzrə müavini Ramil Səlifov, satış meneceri Vəfa Həsənov, kommersiya departmenti rəhbəri Denis Batalyuk və şəbəkə mağazalar üzrə meneceri Evgeniya Laşenko, “Azerçay” brendinin Belarus təmsilçisi Özgür Silav iştirak ediblər.
“Azerbeltrade” MMC-nin rəhbəri Elman Mahmudov sərginin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, HORECA kimi beynəlxalq platformalar yerli istehsalçıların xarici bazarlara çıxışı üçün mühüm imkanlar yaradır. “Bu cür beynəlxalq tədbirlər Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də qida sənayesinin xarici bazarlarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. HORECA sərgisində iştirak da bu istiqamətdə atılan uğurlu addımlardan biri kimi qiymətləndirilir”.

Elman Mahmudov qeyd edib ki, Minskdə keçirilən sərgidə Azərbaycan məhsullarına göstərilən maraq olduqca sevindiricidir. Xüsusilə təbii nar şirələri, müxtəlif kompotlar, mürəbbələr, çay məhsulları və digər qida məhsulları ziyarətçilər və potensial tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. O vurğulayıb ki, təqdim olunan məhsulların əsas üstünlüyü onların təbii tərkibi, yüksək keyfiyyəti və ənənəvi Azərbaycan dadını özündə əks etdirməsidir.
O bildirib ki, sərgi çərçivəsində Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq” də öz zəngin məhsul portfeli ilə diqqət mərkəzində olub: “Holdinq tərəfindən istehsal olunan müxtəlif qida məhsulları – bitki yağları, şəkər və şəkər məmulatları, çay, konservləşdirilmiş məhsullar, souslar və digər gündəlik istehlak malları ziyarətçilərə təqdim edilib. Stenddə nümayiş etdirilən məhsullar keyfiyyəti, müasir qablaşdırma dizaynı və beynəlxalq standartlara uyğunluğu ilə fərqlənərək iştirakçıların marağına səbəb olub. Xüsusilə çay və konserv məhsulları üzrə keçirilən təqdimatlar və dequstasiyalar qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb”.

Şirkət rəhbəri əlavə edib ki, “Azerbeltrade” MMC-nin əsas məqsədi Azərbaycan məhsullarını beynəlxalq bazarlarda daha geniş şəkildə tanıtmaq, “Made in Azerbaijan” brendinin mövqeyini gücləndirmək və ölkənin ixrac potensialına töhfə verməkdir. Onun sözlərinə görə, bu kimi sərgilərdə iştirak gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır və şirkətin inkişaf strategiyasında mühüm yer tutur.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki