image-2000x150
image-whatsapp-image-2026-11-07-aeet-21-32-54backend

Fəyyaz Qasım oğlu Fərəcovun 105-ci mövludu — repressiyaların, müharibənin və əsirliyin sındıra bilmədiyi ömür (16 noyabr 1921 – 19 may 1998)

image-768x150

Bəzən bir insanın ömrü bütöv bir əsrin ağrı-acısını, faciələrini və sınaqlarını əks etdirir. Böyük Vətən müharibəsi veteranı, Masallı rayonu, Qasımlı kəndinin hörmətli ağsaqqalı Fəyyaz Qasım oğlu Fərəcovun həyatı da belə talelərdəndir. 16 noyabr 2026-cı ildə onun anadan olmasının 105-ci ildönümü tamam olur.
Fəyyaz Fərəcov 16 noyabr 1921-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində doğulub. Uşaqlıq və gənclik illəri sovet hakimiyyətinin ağır dövrünə, Stalin repressiyalarına təsadüf edib. Atası Qasım Fərəc oğlu Qasımov həbs və sürgün həyatı yaşayıb, 17 dekabr 1981-ci ildə Rusiyanın Kemerovo vilayətinin Mariinsk şəhərində vəfat edib. Anası Xeyrənisə Əli qızı Qasımova isə 10 aprel 1937-ci ildə Qazaxıstanın Cambul, (indiki Taraz) şəhərində sürgündə dünyasını dəyişib. Qardaşları Museyib Fərəcov (05.10.1932 – 03.04.1996) və Seyfulla Fərəcov (18.09.1933 –29.12.2001) uşaq evinə verilmişlər.
Valideynlərindən ayrı düşməsi və ailəsinin parçalanmasına şahid olması Fəyyaz Fərəcovun yaddaşında dərin izlər buraxıb. Lakin qarşıda onu daha ağır sınaqlar gözləyirdi.
1941-ci ildə müharibə başlayanda hərbi xidmətə çağırılan Fəyyaz Fərəcov Krımın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 21 iyun 1942-ci ildə İzyum yaxınlığında baş verən döyüşdə başından ağır yaralanaraq alman qoşunlarına əsir düşüb. Beləcə, onun həyatında əsirliyin məşəqqətli illəri başlayıb. Müxtəlif düşərgələrdə aclıq, məhrumiyyət və ölüm təhlükəsi ilə üzləşib. Müharibədən sonra isə Uzaq Şərqdə ağır mədən işlərinə cəlb olunub. Yalnız 1947-ci ilin aprelində doğma Qasımlıya qayıda bilib. Altı ilə yaxın davam edən müharibə, əsirlik və ağır əmək onun iradəsini sındıra bilməyib. Doğma yurda qayıtdıqdan sonra həyatını ailəsinə, mənəvi dəyərlərə və dini maarifçiliyə həsr edib. Süleymanov Seyyid Mirhüseyn Seyyid Mirdamət oğlundan Quran elmini öyrənib, kənd məscidində Quran dərsləri keçib, gənclərin dini-mənəvi tərbiyəsində iştirak edib. Azərbaycan türkcəsi ilə yanaşı, rus və ərəb dillərini də bilən Fəyyaz Fərəcov savadı, təvazökarlığı və insanlara münasibəti ilə kənd sakinlərinin hörmətini qazanıb. El arasında ona ehtiramla “Fəyyaz dədə” deyə müraciət olunub. Müharibə və əmək xidmətləri dövlət tərəfindən də qiymətləndirilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 yanvar 1957-ci il tarixli «Böyük Vətən müharibəsi dövründə yaralanmış və ya əsirlikdən qaçmış keçmiş hərbi əsirlərin SSRİ orden və medalları ilə təltif edilməsi haqqında» Fərmanına əsasən, alman-faşist işğalçılarına qarşı döyüşlərdə, eləcə də Böyük Vətən müharibəsi illərində əsirlikdən qaçarkən göstərdiyi igidliyə görə Fəyyaz Fərəcov «Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» və «Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalları ilə təltif edilmişdir. 7 may 1975-ci ildə Fəyyaz Fərəcov «Böyük Vətən müharibəsində Qələbənin otuz illiyi» yubiley medalı, 23 mart 1978-ci ildə «SSRİ Silahlı Qüvvələrinin 60 illiyi», 30 noyabr 1980-ci ildə «Əmək veteranı» medalları ilə təltif olunmuşdur.
6 aprel 1985-ci ildə isə Fəyyaz Fərəcov II dərəcəli «Böyük Vətən müharibəsi» ordeni ilə təltif edilmişdir.
Lakin müharibənin ağır sınaqlarından çıxmış bu insanı dinc həyatda da böyük faciə gözləyirdi. Oğlu Fərəculla Fəyyaz oğlu Fərəcov 5 avqust 1948-ci ildə doğulub, 3 dekabr 1958-ci ildə, cəmi on yaşında faciəvi şəkildə həyatını itirib. Bu itki Fəyyaz Fərəcovun ömrünün ən ağır mənəvi sınaqlarından birinə çevrilib. Fəyyaz Qasım oğlu Fərəcov 19 may 1998-ci ildə, 76 yaşında vəfat edib. Lakin onun xatirəsi ailəsinin və onu tanıyan insanların qəlbində yaşamaqda davam edir. Bu bağlılığın ən təsirli nümunələrindən biri adının yeni nəsildə yaşadılmasıdır. 27 noyabr 2024-cü ildə dünyaya gələn Fəyyazlı Fəyyaz Mehdi oğlu ulu babasının adını daşıyır. Aradan bir əsrdən artıq vaxt keçsə də, Fəyyaz adı ailənin yeni üzvü ilə gələcəyə yol alır. Bu, sadəcə ad oxşarlığı deyil, bir nəslin keçmişinə sədaqətinin, ailə yaddaşına və əcdadlarının xatirəsinə ehtiramının ifadəsidir. Fəyyaz Fərəcovun ömür yolu göstərir ki, insanın böyüklüyü yalnız neçə il yaşaması ilə deyil, hansı sınaqlardan keçməsi və özündən sonra necə iz qoyması ilə ölçülür. O, repressiyaların ailəsinə vurduğu zərbəni, müharibənin dəhşətlərini, əsirliyin məşəqqətlərini və övlad itkisinin sağalmaz kədərini yaşayıb. Buna baxmayaraq, ömrünün sonunadək mənəvi dəyərlərinə sadiq qalıb və insanların hörmətini qazanıb.
16 noyabr 2026-cı il — Fəyyaz Qasım oğlu Fərəcovun 105-ci mövludu yalnız bir insanın doğum ildönümü deyil, həm də sınaqlarla dolu bir ömrün, unudulmayan ailə tarixinin və nəsildən-nəslə ötürülən mənəvi irsin anım günüdür. İllər ötür, nəsillər dəyişir, lakin elə insanlar var ki, onların xatirəsi zamanın fövqündə yaşayır. Fəyyaz Fərəcov da məhz belə insanlardan idi.
Allah Fəyyaz Qasım oğlu Fərəcova rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

image-whataasapp-image-2026-11-07-at-21-32-56  image-whatsapp-image-2026-11-07-at-21-32-55 image-whatsapp-image-2026-11-07-atsss-21-32-55 image-whatsapp-image-2026-11-s07-at-21-32-55 image-zzzzimage-whatsapp-image-2026-11-07-at-21-3aa2-56

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki