image-2000x150
image-niderl-1backend

Azərbaycan İcmasının Niderlandda millət vəkilləri ilə görüşü baş tutdu

image-768x150
Niderlandda fəaliyyət göstərən Azərbaycan İcmasının nümayəndələri Niderland Parlamentində yerli millət vəkilləri ilə görüş keçirdilər. Görüş Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin təşəbbüsü ilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində baş tutdu. Bu görüşlər zamanı Xocalı Soyqırımını əks etdirən bəyanat parlament üzvlərinə təqdim edildi.
Tədbirdə Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, eləcə də Cəfər Gündoğdu, əslən Xocalıdan olan Ayxan Sadıxov, Henri van Rens və Gülnarə Əliyeva iştirak etdilər.
Görüşdə iştirak edən millət vəkilləri:
•Stephan van Baarle
•Jesse Klaver
•Martin Oostenbrink
•Isa Kahraman
•Erik van der Burg idi. 
Soydaşlarımız Xocalı Soyqırımı ilə bağlı çıxış edərək, tarixi həqiqətləri diqqətə çatdırdılar. Xocalıdan olan Ayxan Sadıxov, 1992-ci il fevralın 26-da törədilmiş bu qətliam zamanı həyatlarını itirən və itkin düşən qohumları haqqında danışdı. O, Xocalıda taleyi hələ də naməlum olan soydaşlarımızın axtarışının mümkünsüz hala gətirildiyini vurğuladı. Bildirdi ki, Xocalı torpaqlarında hələ də minaların mövcudluğu və erməni tərəfinin minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi səbəbindən kütləvi məzarlıqların tapılması çətinləşir. Xocalı sakinləri illərdir yaxınlarının heç olmasa qalıqlarının tapılması ümidi ilə yaşayırlar. Bu məqsədlə Xocalı soyqırımının qurbanlarına aid olması ehtimal edilən qalıqların müəyyənləşdirilməsi üçün genetik analizlər də aparılır.
Ayxan Sadıxov eyni zamanda, Xocalı Soyqırımı ilə bağlı məlumatların Niderland Parlamentində daha geniş şəkildə yayılmasının vacibliyini vurğuladı. O, Azərbaycanın ədalətsiz şəkildə tənqid edildiyini və əleyhinə qəbul olunan bəzi qərarların əsassız olduğunu millət vəkillərinin diqqətinə çatdırdı. O, həmçinin Niderlandın da təzyiq göstərdiyi məsələlərdən birinin – erməni əsirlərin azad edilməsi məsələsinin heç bir hüquqi və ədalətli əsasının olmadığını qeyd etdi. Bildirdi ki, bu şəxslər Birinci və İkinci Qarabağ müharibələrinin təşkilatçıları olmaqla yanaşı, Xocalı Soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxslərdir.
Bununla yanaşı, Ayxan Sadıxov Azərbaycanın daim sülhə tərəfdar olduğunu, regionda əmin-amanlığın və davamlı sabitliyin bərqərar edilməsinin əsas prioritetlərdən biri olduğunu vurğuladı.
Xocalı Soyqırımı haqqında sənəd və materialların təqdim edilməsi:
Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva, erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Xocalı sakini Dürdanə Ağayevanın başına gələnləri və bu mövzuda qələmə aldığı kitabı millət vəkillərinə təqdim etdi. Bundan əlavə, Niderlandda dərc edilən “For You” dərgisində Dürdanə Ağayeva ilə aparılmış müsahibə də parlamentarilərə təqdim olundu. Görüş zamanı Səriyə Müslüm qızının müəllifi olduğu “Onlar heç zaman böyüməyəcək” (“Ze werden nooit volwassen”) və “Xocalıdan gələn var” (“Geesten van Khojaly”) kitabları da millət vəkillərinə təqdim edildi. Kitabların tərcüməçisi Henri van Rens çıxış edərək, Xocalı Soyqırımının hələ də beynəlxalq səviyyədə, o cümlədən Niderland Krallığı tərəfindən rəsmi şəkildə tanınmadığını, bu cür haqsız və qərəzli mövqeyin isə dərin təəssüf doğurduğunu bildirdi.
Niderlandlı millət vəkilləri çıxışlardan və təqdim edilən faktlardan çox təsirləndiklərini qeyd etdilər.
Xocalı Şəhidlərinin Anım Ziyarəti:
Görüşün sonunda Haaqada yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət olundu. Soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edildi, onların ruhuna dualar oxundu.
Bu görüş, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması və dünya səviyyəsində ədalətin bərqərar olması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.
Gülnarə Əliyeva,
Niderland Krallığı
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki