image-2000x150
image-img_20220612_143826backend

“Azərbaycan diasporunun həll olunmamış məsələləri çoxdur. Ona görə də…”

image-768x150

Qasım Kərimov: “Bizim vəzifəmiz real şəraitdə baş verən bütün proseslərdə fəal olmaqdır”

Xaricdəki soydaşlarımız arasında ideoloji işin daha da gücləndirilməsi, yaxın və uzaq müddətə effektiv nəticəsi olan qalıcı layihələrin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusən xarici ölkələrdə yaşayan gənclərimizin təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi, soydaşlarımız arasında azərbaycançılığı təbliğ etməklə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi vacib amildir. Xaricdəki azərbaycanlı uşaqların milli düşüncəsinin inkişafı üçün onların ana dilinə sevgisini artırmağa çalışmaq lazımdır. Bu mövzuda Kursk vilayətində Azərbaycanlı icmasının rəhbəri, “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın (MAAR) həmtəsisçisi Qasım Kərimovun “Diaspornews.az”a müsahibəni təqdim edirik. Xatırladaq ki, müsahibimiz eyni zamanda, Cənub-Qərb Dövlət Universitetinin dosenti, dövlət qulluqçusudur.

-Xaricdəki soydaşlarımızın diaspora çevrilməsini və diaspor məsuliyyətinin olmasını hiss etdirən əsas amillər hansılardır?
-Bu suala cavab vermək üçün Azərbaycan diasporunun yaranma tarixinə diqqət yetirək. Bildiyiniz kimi, azərbaycanlılar daha çox öz tarixi torpaqlarında yaşayıblar. Yaşayış coğrafiyası Qafqazdan Yaxın Şərqə qədər geniş əraziləri əhatə edirdi. Vaxtilə bu ərazilər vahid Azərbaycan dövlətinə məxsus idi. Müəyyən tarixi hadisələrdən sonra bu ərazilərdə yeni dövlətlər yarandı və azərbaycanlılar yeni yaradılmış dövlətlərin tamhüquqlu vətəndaşlarına çevrildilər. Məsələn, İran, Gürcüstan, İraq kimi ölkələrdə, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan və əvvəllər müasir Ermənistan (Qərbi Azərbaycan) ərazisində yaşayan azərbaycanlılar mənşəcə yerli xalqdır. Onları diaspor nümayəndələri hesab etmək qətiyyən düzgün deyil, onlar öz vətənlərində yaşayırlar!
“Azərbaycan diasporu” dedikdə xalqımızın öz vətənində yaşamayan bir hissəsi nəzərdə tutulmalıdır.
Hazırda Azərbaycan diasporunun məskunlaşma coğrafiyası böyükdür, dünyanın bir çox dövlətlərini əhatə edir. Onun yaranması əsasən Sovet İttifaqının dağılmasından və bütün dünyada iqtisadiyyatların və cəmiyyətlərin inteqrasiyasının artmasından sonra baş verdi.
Müasir dünyada diasporun ölkənin həyatında rolu getdikcə artır. O, yerli, regional və transmilli səviyyələrdə sosial strukturlarda daha dərindən iştirak edən canlı və fəal fəaliyyət göstərən orqanizmdir. Diasporların mədəni, iqtisadi, sosial və ən əsası siyasi həyatda hadisələrin gedişatına təsir imkanları durmadan artır və bundan sonra da artacaqdır. Bizim vəzifəmiz real şəraitdə baş verən bütün proseslərdə fəal olmaqdır.

-Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyev çıxışında xaricdəki soydaşlarımıza bir sıra tövsiyə və tapşırıqlar verdi. Bütün bunlar xaricdəki soydaşlarımız arasında ideoloji işin daha da gücləndirilməsinin nə dərəcədə zəruri olduğunu göstərir?
-Dünya Azərbaycanlılarının V Qurultayını açan Azərbaycan Prezidenti İlham Əliyev fundamental nitq söylədi. V Qurultay təkcə yubiley deyil, həm də regionda baş verən köklü dəyişikliklərdən, Azərbaycana və dünya azərbaycanlılarına baxışın dəyişməsindən sonra keçirilən ilk qurultaydır. Əvvəlki dörd qurultay ölkə ərazilərinin 20 faizinin işğalı şəraitində keçmişdi. Bu səbəbdən, hər bir azərbaycanlının ürəyində çıxması mümkün olmayan depressiya var idi.
44 günlük Vətən müharibəsində qazanılan qələbə hamımızı sevindirdi və milli qürurumuzu xilas etdi. Azərbaycan Prezidentinin çıxışında dediyi kimi, biz bu qələbəyə layiq idik. Bundan əlavə, tarixi Qələbəmiz əvvəlki illərdə xaricdəki soydaşlarımızın qarşısında qoyulan bir çox vəzifələri gündəlikdən çıxardı. Yeni reallıqlarda diasporun qarşısında başqa vəzifələr durur.
Biz qalib ölkəyik və indi həmvətənlərin əsas işi regionun münaqişədən sonrakı reallıqlarını, 44 günlük müharibə ilə bağlı həqiqətləri təbliğ etmək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi prosesi ilə digər ölkələrin cəmiyyətlərini tanış etməkdir. Bundan əlavə, diasporun özü də bu prosesə hansısa formada töhfə verə bilər. Bu gün ana dilinin qorunub saxlanması və inkişafı, Azərbaycan tarixinin və mədəniyyətinin təbliği də hər zamankındən daha çox aktualdır.

-“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın (МААR) ətrafında geniş diaspor kütləsi toplanıb. MAAR Rusiyadakı soydaşlarımızın həmrəyliyi prosesini necə sürətləndirə bilər?
-Hazırda Rusiya Federasiyasında dünyanın ən böyük Azərbaycan diasporu formalaşıb və ekspert hesablamalarına görə sayı 2 mln. nəfərə çatıb. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti 1970-ci ildən sonra ali təhsil almaq və ya işləmək üçün Rusiyaya gələn insanlardır. Bir qismi də Rusiyada anadan olmuş insanlarımızdır.
Azərbaycan diasporunun həll olunmamış məsələləri çoxdur. Ona görə də MAAR-ın əsas vəzifəsi onların həlli yollarını tapmaq və həll etməkdir.
Məsələn, rusdilli mühit şəraitində, xüsusilə qarışıq nikahlar şəraitində ana dilimizin qorunması problemi kifayət qədər çətin həll olunur. Rusiya ərazisində doğulmuş uşaqlar, bir qayda olaraq, ana dilini demək olar ki bilmirlər. Gündəlik şifahi ünsiyyət praktikasının olmaması gənc nəslin ana dilimizin itirməsinə gətirib çıxara bilər. Bu, mənim Kursk vilayəti ərazisində yaşayan azərbaycanlı əsilli məktəblilərlə və tələbələrlə şəxsi ünsiyyət təcrübəmlə təsdiqlənir. Bu boşluğu doldurmaq MAAR-ın vəzifələrindən biridir.
Diasporun konsolidasiyası işində ugurlarımız da var. Hal-hazirda 50-dən cox region və şəhər təmsilcilərimiz MAAR-ın üzvüdür. Şükürlər olsun ki, Rusiya regionlarının və şəhərlərinin yeni nümayəndələri sıralarımıza qoşulmaqda davam edirlər.
MAAR sağlam düşüncəli insanları bir araya gətirmək potensialına malikdir, soydaşlarımızda maraq və ümid yaradır.

-Azərbaycan diasporunun Rusiyada yerli xalq tərəfindən qəbul edilməsi üçün hansı formada iş aparılmalıdır? МААR-ın bu baxımdan hansı planları var?
-Şübhəsiz ki, dünya azərbaycanlılarının əsas vəzifələrindən biri Azərbaycan həqiqətlərini beynəlxalq birliyə ən azı dünyanın aparıcı ölkələrində çatdırmaqdır. Bunun üçün soydaşlarımızın həmin ölkələrin xalqları və cəmiyyətləri ilə inteqrasiyası çox vacibdir.
Bu işdə əsas vəzifələr xarici dillərdə təbliğat, xarici mətbuatda yazılar və birgə layihələrin həyata keçirilməsidir. Bu da, əlbəttə ki, azərbaycanlıların möhkəm mütəşəkkilliyindən və sıx birləşməsindən asılıdır.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, uğurlu xarici siyasət xeyli dərəcədə diasporun fəaliyyətindən asılıdır. Güclü diaspor beynəlxalq təşkilatlar tərəfindən öz ölkəsinə lazım olan qərarların qəbul edilməsinə kömək etmək iqtidarındadır və bəzən dövlətlərarası münasibətlərdə ton verir.
Qüdrətli diaspor müəyyən məqsədlərə nail olmaq üçün bir növ təsir gücünə çevrilir. Bunu təkcə diaspor təşkilatlarının fəalları deyil, istisnasız olaraq bütün azərbaycanlılar da bilməlidir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki