Avstraliyaya səfəri çərçivəsində Türkiyənin dəyərli millət vəkili Serkan Bayram ilə Sidney şəhərində keçirilən görüş Azərbaycan və Türk icması tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu haqda saytımıza Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta məlumat verib.
Tədbir zamanı Serkan Bayramın həyat hekayəsindən bəhs edən filmin Sidney nümayişi iştirakçılar tərəfindən xüsusi maraqla izlənilib. Onun həyat yolu əzm, iradə və mübarizənin ən gözəl nümunələrindən biri kimi qiymətləndirilib.
Fiziki çətinliklərlə qarşılaşmasına baxmayaraq geri çəkilməyən Serkan Bayramın Türkiyədə qazandığı uğurlar və dövlət səviyyəsinə qədər yüksəlməsi bir çox insan üçün ilham mənbəyi olub. Xüsusilə fiziki məhdudiyyətlə yaşayan insanlara verdiyi ümid, güc və motivasiya cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
Sidneydə keçirilən bu görüş və film nümayişi Azərbaycan və Türk icması üçün yaddaqalan və dəyərli anlarla yadda qalıb. Tədbir iştirakçıları Serkan Bayramın həyat hekayəsinin insanlara motivasiya verdiyini və birlik, mübarizə ruhunu daha da gücləndirdiyini vurğulayıblar.





























