image-2000x150
image-bce009d2-533f-4fa3-8624-d71e9cd213ffbackend

Uzaqda doğmalıq hissi: Diplomat ömrünün 80-ci zirvəsi və yüksək dövlət mükafatı

image-768x150

Azərbaycan Respublikasının xarici siyasətində qardaş və dost ölkələrlə münasibətlərin inkişafı hər zaman mühüm yer tutur. Bu ölkələr arasında Özbəkistan Respublikası xüsusi strateji əhəmiyyətə malikdir. İki qardaş ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarımızın qarşılıqlı səyləri xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi, etimada və qardaşlığa əsaslanan münasibətlər siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da dərinləşməsinə güclü təkan verir. Bu yüksək səviyyəli strateji tərəfdaşlıq mühiti, şübhəsiz ki, diplomatik missiyaların işini daha məqsədyönlü və dinamik edir. Məhz bu məsuliyyətli missiyanın Daşkənddə uğurla həyata keçirilməsində cənab səfir Hüseyn Quliyevin xidmətləri xüsusi vurğulanmalıdır.
Bu gün peşəkar diplomatik fəaliyyəti ilə hər kəsin rəğbətini qazanmış cənab Səfirin həyatında ikiqat bayramdır: O, ömrünün müdriklik zirvəsini — 80 illik yubileyini qeyd edir və bu əlamətdar yubiley ərəfəsində Azərbaycan Respublikasının 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu yüksək mükafat, dövlətimizin onun çoxillik səmərəli fəaliyyətinə, milli maraqlarımızın qorunması yolundakı xidmətlərinə verdiyi ali qiymətin bariz nümunəsidir.
İlk tanışlıq və mənəvi təsir
Bəzən insan həyatında elə görüşlər olur ki, onlar sadəcə tanışlıq olaraq qalmır, eyni zamanda insana güvən, motivasiya və daxili güc qazandırır. Mənim üçün Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev ilə ilk tanışlıq da məhz belə anlardan biri oldu.
Mənim cənab səfirlə ilk tanışlığım xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbirində baş verdi. Xarici ölkədə iştirak etdiyim ilk rəsmi tədbir olması səbəbilə bu an mənim üçün həm böyük bir həyəcan, həm də daxili bir məsuliyyət demək idi. Həmin gün cənab səfirin davranışı məndə çox dərin təəssürat yaratdı. O, tədbirdə iştirak edən hər bir həmvətənimizə fərdi diqqətlə yanaşır, xüsusilə gənclərlə ünsiyyət qurmağa çalışırdı. Mənilə söhbət zamanı onun səmimiyyəti, sadəliyi və böyüklüyü dərhal hiss olunurdu. Uzaq bir ölkədə, yeni mühitdə ilk addımlarımı atdığım bir vaxtda bu doğma münasibət mənə böyük mənəvi dayaq oldu. Onun diqqəti və mehriban yanaşması məndə özüməinam hissini gücləndirdi və bir daha sübut etdi ki, harada olmağımızdan asılı olmayaraq, dövlətimizin qayğısı və onun ali nümayəndələri hər zaman bizimlədir.
Gənclərlə iş və ana dilimizə olan həssas münasibət
Cənab səfirin fəaliyyətində məni ən çox heyran edən məqamlardan biri onun gənclərlə işləmək bacarığı və bu sahəyə verdiyi xüsusi önəmdir. Şahidi olmuşam ki, o, rəsmi tədbirlərdə yalnız tribunadan çıxış etməklə kifayətlənmir, salona daxil olaraq gənclərlə birbaşa, vasitəsiz ünsiyyət qurur.
Xüsusilə diqqətçəkən bir məqam var: onun Azərbaycan dilinə, mədəniyyətinə maraq göstərən özbək gənclərinə olan sonsuz sevgisi və diqqəti. Səfir belə gəncləri dərhal fərqləndirir, onlara yaxınlaşır, doğma dilimizdə həmsöhbət olur və onları bu yolu davam etdirməyə ruhlandırır. Bu, sadəcə bir diplomatik jest deyil; bu, milli kimliyə, ana dilinə və dövlətçilik dəyərlərinə olan dərin bağlılığın göstəricisidir. Bu səmimi münasibət Özbəkistan gəncliyində Azərbaycan haqqında daha çox bilik əldə etməyə, tariximizi və adət-ənənələrimizi öyrənməyə böyük bir sevgi dalğası yaradır.
Protokolları aşan insani keyfiyyətlər
“Böyük vəzifə sahibi olmaq insanın insani keyfiyyətlərini və qəlbinin böyüklüyünü kölgədə qoymamalıdır”, — Hüseyn Quliyevin diplomat ömrü bu prinsipin canlı isbatıdır.
Tədbirlərin birində şahidi olduğum kiçik, lakin mənası çox böyük olan bir hadisə cənab səfirin daxili dünyasını mənə tamamilə açdı. Həmin tədbir zamanı zaldakı özbək tələbələrdən birinin özünü narahat hiss etdiyi, rənginin qaçdığı çoxlarının nəzərindən qaçdı. Lakin rəsmi statusuna, ətrafındakı sıx qrafikə baxmayaraq, cənab səfir bu vəziyyəti dərhal hiss etdi. O, heç bir tərəddüd etmədən, protokolları kənara qoyaraq tələbəyə yaxınlaşdı, onun səhhəti ilə maraqlandı və şəxsən köməklik göstərdi. Bu yanaşma o qədər təbii, o qədər içdən idi ki, kənardan baxan hər kəs bunu bir diplomatın rəsmi davranışı kimi deyil, bir atanın öz övladına göstərdiyi doğma qayğı kimi qəbul etdi.Onun bu sadəliyi və əlçatanlığı fəaliyyətinin hər addımında özünü büruzə verir. Özbəkistanda fəaliyyət göstərən “Tadbirkor ayollar” (Sahibkar qadınlar) assosiasiyasının əməkdaşları ilə keçirilən görüşdə də bunun şahidi oldum. Qadın sahibkarlığının inkişafı və biznes əlaqələrinin genişləndirilməsinin müzakirə olunduğu rəsmi platformada Hüseyn müəllim hər bir iştirakçını diqqətlə dinləyir, onlarla bərabərhüquqlu və səmimi dialoq qururdu. Tədbirdə iştirak edən özbək xanımları Azərbaycan dövlətinin nümayəndəsinin bu qədər təvazökar və səmimi olmasına heyran qalmışdılar. Bu isə diplomatiyada ən güclü silahsız təsir vasitəsinin məhz insaniyyət və sadəlik olduğunu növbəti bir dəfə təsdiq edirdi.
Milli dəyərlərin təbliği və diaspora ilə vəhdət
Özbəkistanda keçirilən dövlət əhəmiyyətli tədbirlərin, Müstəqillik Günü, Zəfər Günü, eləcə də Xocalı soyqırımı və 20 Yanvar anım mərasimlərinin yüksək səviyyədə təşkili cənab səfirin rəhbərliyinin nəticəsidir. Bu tədbirlər sadəcə rəsmi xronika deyil, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin və zəngin irsinin Özbəkistan ictimaiyyətinə, beynəlxalq diplomatik korpusa çatdırılması üçün mühüm bir tribunadır. Mədəniyyət günləri, sərgilər və ədəbi gecələr vasitəsilə iki qardaş xalq arasında mənəvi körpülər hər gün daha da möhkəmlənir.
Eyni zamanda, cənab səfirin Özbəkistandakı çoxmilyonlu Azərbaycan diasporu ilə qurduğu sıx və səmimi münasibətlər təqdirəlayiqdir. O, soydaşlarımızın hər bir problemi ilə fərdi şəkildə maraqlanır, onlara səfirliyin qapılarını hər zaman açıq saxlayır. İnsanlar Daşkənddəki səfirliyimizə gələrkən orada rəsmi bir dövlət binası ilə yanaşı, həm də bir isti ana ocağı, doğma bir mühit tapırlar.
80 illik müdriklik zirvəsi və dövlət mükafatı
Hüseyn Rzaqulu oğlu Quliyev yalnız peşəkar diplomat, böyük dövlət xadimi deyil. O, uzaq bir ölkədə vətən həsrəti çəkən insanlara ümid verən, onları dinləməyi bacaran və hər bir fərdin daxilindəki potensialı hiss edən böyük bir Şəxsiyyətdir. Onun diplomatik xidməti sadəcə quru rəsmi sənədlərlə, imzalanan bəyanatlarla ölçülmür. Bu fəaliyyətin əsl miqyası insanların qəlbində buraxdığı silinməz izlərlə, uzaq ellərdə formalaşdırdığı bütöv bir “Doğmalıq hissi” ilə ölçülür.
Bu gün dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə Hüseyn Quliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi, onun 80 illik yubileyinə və bütövlükdə şərəfli ömür yoluna verilən ən ali, ən layiqli qiymətdir. Bu mükafat həm də onun simasında Azərbaycan diplomatiyasının və xaricdəki soydaşlarımıza göstərilən dövlət qayğısının təntənəsidir.
Cənab Səfiri 80 illik yubileyi və yüksək dövlət mükafatı münasibətilə ürəkdən təbrik edir, ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram!

Xudiyeva Mətanət
Azərbaycan Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki