image-2000x150
image-fb_img_1644435455675backend

“Məqsədimiz dövlət siyasətinə diaspor və vətəndaş cəmiyyəti olaraq öz töhfəmizi verməkdir”

image-768x150

Fərid Cəfərli: “Bir il ərzində “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində iki ölkədə müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub”

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin “Diaspornews.az“a eksklüziv müsahibəsini təqdim edirik.

-“Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsinin həyata keçirilməsi ideyası necə yarandı?
– Bildiyimiz kimi, Azərbaycan-Polşa əlaqələrinin tarixi qədim dövrlərə söykənir. 16-cı əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Konkret olaraq arxiv sənədlərindən bəllidir ki, 1472-ci ildə Azərbaycanın Ağqoyunlu və Polşanın Reç Rospolita dövlətləri arasında diplomatik əlaqələr yaradılıb. Hazırda bu əlaqələrin qurulmasının 550 illiyi də məhz həmin tarixdən hesablanır.
Müstəqil Azərbaycanla Polşa arasında isə diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulub. Bu münasibətlər 30 il ərzində yüksək inkişaf səviyyəsinə çatıb. Bu gün Polşa ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr çox inkişaf edib. Hazırda yüzlərlə azərbaycanlı tələbə Polşada təhsil alır, həmçinin bu ölkənin ictimai həyatında yaxından iştirak edərək öz töhfələrini verirlər. Polşa Azərbaycan üçün mühüm tərəfdaş ölkədir. Azərbaycan və Polşa prezidentlərinin qarşılıqlı səfərləri nəticəsində iki ölkə arasında əlaqələr daha da inkişaf edib.
Bu qeyd etdiklərim haqqında Azərbaycan və Polşa ictimaiyyətinin məlumatlı olması iki ölkə arasında gələcək faydalı əməkdaşlıq üçün önəmlidir. Həmçinin Polşanın zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında azərbaycanlılarda, xüsusən gənclərdə marağın yaradılmasını zəruri hesab edirik. İki ölkə arasında dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibərlərin 30 illiyinə töhfəmiz olsun deyə Polşa Azərbaycanlıları Şurası olaraq “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsini həyata keçiririk.
Layihənin Azərbaycanda partnyor qurumu Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyidir.
Bu layihənin əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaqdır. Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara daha da yaxından tanıtmaq və iki ölkə arasından əlaqələri daha da gücləndirməkdir. Həmçinin layihə azərbaycanlı gənclərdə Polşa təhsilinə marağın gücləndirilməsini, Azərbaycan-Polşa mədəniyyətlərarası mübadilələrdə gənclərin aktivliyini artırmaq məqsədini daşıyır.

-Layihə çərçivəsində hansı işlərin görülməsi nəzərdə tutulub?
– Bir il ərzində layihə çərçivəsində Azərbaycanda və Polşada 10-dan artıq müxtəlif səpkili tədbirlərin keçirilməsi planlanılıb. Məsələn, Azərbaycan və Polşa nağıllarından ibarət kitabın çapı nəzərdə tutulub. Bu kitab Azərbaycan və Polşanın kitabxanalarına paylanılacaq. Azərbaycanda “Polşa media aylığı” keçirərək bu ölkənin tarixi, iqtisadi inkişafı, təhsili, mədəniyyəti, adətə-ənənəsi və s. haqqında yazılar veriləcək. Eyni zamanda Polşa mediasında Azərbaycan haqqında yazılar dərc olunacaq. Azərbaycan radiolarında Polşa  mahnıları səsləndiriləcək. Azərbaycandakı orta və ali təhsil ocaqlarında “Polşa dərsi”nin keçirilməsi nəzərdə tutulub. Dərslərdə gənclərə Polşa əhalisi, ərazisi, xaqlı və onun mədəniyyəti haqqında məlumatlar çatdırılacaq. Həmçinin Polşa və Azərbaycan xalqlarının tarixi və mədəni oxşarlıqlarından, o cümlədən əlaqələrindən danışılacaq. Bununla yanaşı, Polşa təhsilinin özəlliyi haqqında məlumat veriləcək.
Bakı Dövlət Universitetinin (BDU) 15, Polşanın isə Krakov Universitetinin 15 tələbəsi arasında onlayın konfrans və masterklaslar keçiriləcək.
Bakı Salvyan Universitetindəki Polyak dili və Mədəniyyəti Mərkəzində 2 may – “Polşa milli bayrağı günü”nə həsr olunan tədbir təşkil ediləcək. Bununla yanaşı, jurnalistlər arasında “Polşa azərbaycanlı jurnalistlərin gözü ilə” yazı müsabiqəsinin  keçirilməsi də planda var. Yəqin ki, layihə müddətində planda olmayan tədbirləri də edəcəyik. Çünki layihənin xəbəri medada yayımlanandan sonra bizə müxtəlif təkliflər edilir. Bütün bunlar da bizi çox sevindirir. Verilən hər təklif bizim üçün dəyərlidir və bunları çox yüksək qiymətləndiririk. Məsələn, 2005-ci ildə SOCAR-ın dəstəyi ilə çap olunan “Azərbaycan nefti və polşalı mühəndis Pavel Pototski” adlı kitabı (Müəllif Məmmədov R.H. , Həsənov V.M. , Əzizova R.M.) polyak dilinə tərcümə etdirməyi düşünürük. Ayrıca polşalı mühəndis Pavel Pototskinın Bakıda anım gününü qeyd edəcəyik.
Artıq layihə ilə bağlı Azərbaycan və polyak dillərində buklet və banner çap olunub. Kitab üç nağıllar tərcümə olunub. Qeyd etdiyim kimi, iki dövlət arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulub. Biz bu günü fərqli formada qeyd etməyi düşünürük.
Bütün bu tədbirləri könüllü, şəxsi təşəbbüsümüzlə edirik. Məqsədimiz dövlət siyasətinə diaspor və vətəndaş cəmiyyəti olaraq öz töhfəmizi verməkdir.

-Azərbaycanın Polşadakı, Polşanın Azərbaycandakı səfirlikləri bu layihə haqda məlumatlıdırmı?
-Biz layihəyə başlamamışdan öncə, Azərbaycanın Polşadakı səfiri Nərgiz xanım Qurbanova ilə bu haqda məsləhətləşdik. Nərgiz xanım Qurbanova bu təşəbbüsümüzü çox müsbət qarşıladı və layihə çərçivəsində görüləcək işlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafında önəmli rol oynayacağını bildirdi.
Biz, eyni zamanda Polşa Respublikasının Azərbaycandakı səfiri cənab Rafał Poborskiyə rəsmən məktubla layihə haqda məlumat vermişik. Layihə çərçivəsində Bakıda keçiriləcək müxtəlif səpkili tədbirlərdə Polşa Respublikasının Azərbaycandakı səfiriliyinin əməkdaşlarını da dəvət edəcəyik. Layihə müddətində səfirliklərlə yenə də məsləhətləşmələrimiz olacaq. Onların istənilən fikir və təkliflərini məmnuniyyətlə layihənin fəaliyət planına əlavə edə bilərik.
Ümumiyyətlə, bütün aidiyyəti rəsmi qurumlara layihə haqda məlumat vermişik. Sevindirici haldır ki, hər kəs layihənin həyata keçirilməsinə müsbət resksiya verir.

-Layihənin icrası müddətində Azərbaycandakı Polşa icmasının nümayəndələri ilə hər hansı əməkdaşlıq edəcəksizmi?
-Əlbəttə, bu müddətdə Azərbaycandakı Polşa icması ilə sıx işləyəcəyik. Qeyd edim ki, Bakıda 2000-ci ildən Olqa Yujaninanın rəhbərliyi ilə “Poloniya – Azərbaycan” Polşa İcması fəaliyyət göstərir. Yeri gəlmişkən, ölkəmizdəki digər icmalar kimi “Poloniya – Azərbaycan” Polşa İcması da hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Biz Vətən müharibəsi zamanı bir daha bunun şahidi olduq. “Poloniya – Azərbaycan” Polşa İcması da daxil olmaqla ölkəmizdəki müxtəlif xalqların icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalayıblar. Onlar təkcə bununla kifayətlənməyiblər, həmçinin Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə yayılmasında yaxından iştirak ediblər.
Bu səmimiyyət və diqqətə görə
Olqa Yujanina başda olmaqla Azərbaycandakı bütün Polşa icmasının, eləcə də digər icmaların nümayəndələrinə öz təşəkkürümü bildirirəm.
Artıq layihə haqqında “Poloniya – Azərbaycan” Polşa İcmasının rəhbərliyinə rəsmən məlumat verilib. Onlar bunu çox böyük sevinclə qarşılayıblar. Bu layihənin həyata keçirilməsini onlar Polşa dövlətinə və xalqına olan diqqət kimi qəbul edirlər.
Layihənin fəaliyyət planı ilə bağlı icma rəhbərliyi ilə fikir mübadiləsi edirik. Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə Polşa icmasının üzvlərini də dəvət edəcəyik. İnanırıq ki, onlar da bu layihədə yaxından iştirak etməklə dəyərli töhfələrini verəcəklər.image-img_20220210_000941

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki