Azərbaycanın Polşadakı Səfirliyi, Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəliyi və Polşa Azərbaycanlıları Şurası birgə şəkildə Polşa Respublikasının Birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında keçirilən 17-ci Beynəlxalq Xeyriyyə Bazarı (Charity Bazaar) tədbirində ölkəmizi təmsil etmişdir. Tədbir, “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuşdur.
Tədbir zamanı Polşa Respublikasının Birinci xanımı Aqata Kornhauzer-Duda Azərbaycanın stendini ziyarət edərək nümayiş olunan məhsullar haqqında ətraflı məlumat almışdır.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri xanım Nərgiz Qurbanova, Səfirliyin bu xeyriyyə bazarında iştirakından məmnunluğunu ifadə etmişdir. O, ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat verərək, bu mədəniyyətin ecazkar musiqilərimizdə, dinamik rəqslərimizdə, incə sənət nümunələrimizdə, toxunma xalçalarımızda və zəngin mətbəximizdə öz əksini tapdığını vurğulamışdır.
Öz növbəsində tədbirin bədii hissəsində Polşa Azərbaycanlıları Şurasının rəqs qrupu tərəfindən “Uzundərə” rəqsi ifa edilib və “Azərbaycan” mahnısı səsləndirilib. Qeyd etmək lazımdır ki, rəqs qrupunun üzvləri arasında iki polyak gənc də yer alır. İfaçıların çıxışları tədbir iştirakçılarının böyük marağına və rəğbətinə səbəb olmuşdur.
Bu tədbirdə ilk dəfə olaraq Azərbaycanda yaşayan polyak icmasının nümayəndələri tərəfindən hazırlanan sənət əsərləri və əl işləri də ziyarətçilərə təqdim olunmuşdur.



