image-2000x150
image-img-20220119-wa0033backend

“Xaricdəki azərbaycanlı uşaqlara dilimizin tədrisi üçün diasporla əməkdaşlığı nəzərdə tuturuq”

image-768x150

Sevinc Əliyeva: “Həmvətənlərimizi narahat edən məsələlərdən biri də xaricdəki azərbaycanlı ailələrdə böyüyən uşaqlara dominant dilin təsiri məsələsidir”

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın “Diaspornews.az”a özəl müsahibəsini təqdim edirik.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi olaraq Azərbaycan dilinin tətbiqinə və ədəbi dil normalarının qorunmasına nə dərəcədə nəzarət edirsiniz?

– Keçən dövr ərzində ədəbi dil normalarının pozuntuları üzrə 5 mindən çox dil faktının əks olunduğu 600 səhifəlik “Hesabat” 9 iyul 2021-ci il tarixində Mərkəzin təşkilatçılığı ilə keçirilən “Saytların dil mənzərəsi” adlı tədbirdə ictimaiyyətə təqdim olunmuşdur. Saytların dili üzərində aparılan monitorinq dil mühitində baş verən dəyişikliklər və yeniliklərlə yaxından tanış olmaq imkanı yaradır. Eləcə də toplanılan dil faktları dərindən təhlil edilmiş, təkliflər hazırlanmış və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna təqdim edilmişdir. Bundan başqa, televiziyaların monitorinqi başa çatmış və kitab nəşrə təqdim edilmişdir. Yaxın vaxtlarda təxminən 550 səhifəlik kitab ictimaiyyətə açıqlanacaqdır. Burada da çox ciddi məsələlər öz əksini tapır. Belə ki, 5500 dil faktından 3976-sı hesabata daxil edilmiş və müvafiq statistik göstəricilərdə öz əksini tapmışdır. Artıq radioların monitorinqi də başa çatmış və emal prosesindədir. O da tezliklə ictimaiyyətə açıqlanacaqdır.
Növbəti monitorinqlər isə reklam daşıyıcıları və çap olunan qəzetlərlə bağlı olacaqdır. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə yaradılan Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət komissiyanın iclasında mütəmadi olaraq Monitorinq Mərkəzinin direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova yaxından iştirak edir. Biz Reklam Agentliyinə arxiv materiallarının təqdim olunması ilə bağlı müraciət etmişik, materiallar təqdim olunduqdan sonra reklam daşıyıcıları ilə bağlı monitorinqin aparılması nəzərdə tutulur. Bu da çox ciddi məsələdir. Yəqin ki, Bakı şəhərinin küçələrindəki, eləcə də regionlardakı reklam lövhələrində, müəssisə və iaşə obyektlərinin adlarında müəyyən norma pozuntularını görürsünüz, qüsurları müşahidə edirsiniz. Bu istiqamətdə aparacağımız monitorinqdə dövlət dili və reklam haqqında qanunların müddəaları rəhbər tutularaq ədəbi dil normalarına necə riayət olunduğu müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcəkdir.

Azərbaycan dilinin beynəlxalq əhəmiyyətinin genişlənməsinə nə kimi töhfə verə bilərsiniz?
– Mərkəzin fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunu artırmaq, onun tədrisi və təbliği məsələlərinə töhfə verməkdir. Bu sahədə bir sıra mühüm işlər görülmüşdür. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əldə edilən razılığa əsasən, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin dəvəti ilə Mərkəzin nümayəndə heyəti 2021-ci il 18-22 oktyabr tarixlərində Qahirə şəhərində işgüzar səfərdə olmuşdur. Səfər Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği məqsədilə təşkil olunmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti İsra Adilin rəhbərlik etdiyi “EPS” Dillər Mərkəzində olmuş, qurumun əməkdaşları və Azərbaycan dilini öyrənən 30-a yaxın tələbə ilə görüşmüşdür. Tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva geniş giriş nitqi və aparıcı mütəxəssis Səma Vəliyeva “İltisaqi və flektiv dillərin fərqi sferasında Azərbaycan dilinin qrammatik qanunauyğunluqları” mövzusunda məruzə ilə çıxış etmişlər. Mərkəzin baş mütəxəssisi Kəmalə Mustafayeva isə Azərbaycan dilinə yiyələnməyin yollarına dair təlim keçərək mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırmışdır. Misirli tələbələr 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” olduğunu nəzərə alaraq “Leyli və Məcnun” əsərindən hazırladıqları səhnəciyi nümayiş etdirmiş, dahi şairin yaradıcılığından kiçik parçalar səsləndirmişlər. Monitorinq Mərkəzi tərəfindən Azərbaycan dilini dərindən mənimsəmələri üçün əcnəbi tələbələrə dərsliklər və dərs vəsaitləri təqdim olunmuşdur. Səfər çərçivəsində Ayn-Şəms Universitetinin müəllim və tələbə heyəti ilə də görüş keçirilmişdir. Ədəbiyyat fakültəsinin dekanı professor Mustafa Murtaza, Türk və Osmanlı tarixi fakültəsinin müəllimi professor Maqda Maklufun iştirakı ilə keçirilən görüşdə Azərbaycan dilinin tədrisi ilə bağlı geniş müzakirələr aparılmışdır.
25 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dilimizə sevgi ilə yola çıxdıq” adlı beynəlxalq tədbir keçirilmişdir. Tədbirdə dünyanın 30-a yaxın (Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, İsveçrə, Misir, Çin, Niderland, Almaniya, Belçika, Polşa, Fransa və s.) ölkəsində yaşayan və müxtəlif qurumlarda çalışan 40-dan çox soydaşımız iştirak etmişdir. Tədbir zamanı həmvətənlərimizin yaşadıqları ölkələrdə Azərbaycan dilinin qorunması və tətbiqi, eləcə də mədəniyyətinin təbliği istiqamətində gördükləri işlərdən bəhs etmiş, bu istiqamətdəki problemləri səsləndirmişlər. Konfransda Azərbaycan dilinin tədrisi ilə bağlı müvafiq dərslik, proqram, dərs vəsaitləri və lüğətlərin çatışmazlığı, ailələrdə böyüyən uşaqların ana dilini daha dərindən mənimsəmələri üçün həftəsonu məktəblərinin fəaliyyətinə dəstək verilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Xaricdəki bir çox azərbaycanlı uşaqların dilimizi bilmədən böyümələri ciddi narahatlıq doğurur. Bu istiqamətdə Mərkəz tərəfindən hər hansı monitorinq aparılıbmı?
– Doğru buyurursunuz, həmvətənlərimizi narahat edən məsələlərdən biri də xaricdəki azərbaycanlı ailələrdə böyüyən uşaqlara dominant dilin təsiri məsələsidir. Bu təsiri azaltmaqdan ötrü ən azından Azərbaycan dilinin, yəni doğma dilin təbliği və tədrisi üçün nə edə bilərik, hansı addımları ata bilərik, deyə düşünürük. Biz Misirə səfər zamanı müəyyən vəsaitlər aparmışdıq. Azərbaycan dilinin tədrisi ilə bağlı hədiyyə etdiyimiz dərsliklər və disklərin həm orada yaşayan azərbaycanlılar, həm də Azərbaycan dilini öyrənən misirlilər üçün çox faydalı olacağını düşünürük. Eyni zamanda məlumat üçün deyim ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən hazırlanan və Mərkəzin əməkdaşı Kəmalə Mustafayevanın təqdimatında “Nitq mədəniyyəti” verilişi ASAN Radioda yayımlanır. Verilişdə 5 rubrika təqdim olunur, onlardan biri də “Qiraət dəqiqələri” rubrikasıdır. Tanınmış yazıçılarımızın əsərlərinin səsləndirildiyi audiodisk hazırlanmışdır. Həmçinin azyaşlı uşaqlar üçün nəzərdə tutulan “Nağıllar aləmi” adlı audiodisk də sifariş verilmişdir. Bu, həmin ailələrdə böyüyən uşaqlara ana dilini öyrənməyə kömək edəcəkdir. Bundan əlavə, müxtəlif səviyyələrdə “Ana dili”, “Azərbaycan dili” dərsliklərinin hazırlanması, xaricdəki soydaşlarımız üçün doğma dil mühiti yaratmaq məqsədilə yay məktəblərinin təşkil və digər məsələlərin də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Xaricdə yetişən bu gənc nəslin dilimizi mənimsəməsi üçün diasporla əməkdaşlığınız mümkündürmü?

– Əlbəttə, biz diasporla əməkdaşlığı nəzərdə tuturuq. Yaxın vaxtlarda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. Soydaşlarımızla ünsiyyətdə olmaq, onlarla rahat görüşmək üçün azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyi düşünürük. Xaricdə yaşayan gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, Azərbaycanımızın, doğma dilimizin, mədəniyyətimizin təbliği yönündə bütün imkanlardan istifadə edərək ümumi işimiz və ideyalarımızın həyata keçirilməsi üçün əməkdaşlığı daha da genişləndirəcəyik.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki