Vətən-anam kimi isti bir qucaq,
Dağında səslənər uşaqlıq soraq.
Torpağın qoxusu ürəyə məlhəm,
Onsuz qərib olar ən gözəl otaq.
(Abdullah Oripov)
Hələ uşaq yaşlarımdan atamın Özbəkistanla bağlı söhbətlərini doya-doya dinləyərdim və bəzən mənə elə gəlirdi ki,daha maraqla dinləyim deyə atam bir az da özü bər-bəzək vururdu. İllər keçdi ,ən böyük arzularımdan olan bu gözəl məmləkəti tanımaq fürsətim oldu. Əlbəttə zaman-zaman tələbəlik illərində təhsil alarkən,Azərbaycanla Özbəkistan arasındakı sovetlər dönəmindən bu günə qədər ardıcıl keçirilən müxtəlif səpgili festivallarda,birgə çəkilən filmlərdən(‘’Görüş’’ filmi ) ədəbi-bədii gecələrdən tanısam da canlı ünsiyyət, təkcə Özbəkistan üçün deyil bütün türk-islam sivilizasiyası üçün hər zaman əhəmiyyətini qoruyub saxlayan tarixi abidələri ürəyinin gözüylə seyr etmək,əllərini əsrlərin yaddaşını qoruyub saxlayan abidələrlə toxunmaq bir ayrı zövqdür.İllərdir TURANA gedən yolçular cərgəsində qürurla,sevgiylə həm də məsuliyyətlə addımlayan qələm sahiblərindən biri kimi Özbəkistanın paytaxtı Daşkənddə başlanan ,Səmərqənd,Buxarada davam edən Türk Dünyası şair,yazıçı və incəsənət xadimlərinin Özbəkistandakı altı gün davam edən səfər artıq hər birimizin ömür yolunda silinməz bir xatirəyə çevrildi. Özbəkistan səfərimizin ana xətti Türk dünyasının ən böyük mütəfəkkirlərindən sayılan Əlişir Nəvainin 585 illiyi,həmçinin çağdaş özbək ədəbiyyatının müstəqillik dövrü poeziyasının simvollarandan hesab olunan,Özbəkistan Xalq şairi ,Özbəkistannın dövlət himninin müəllifi ,Abdullah Oripovun 85 illik yubileyi təşkil edirdi. Özbəkistanın hava limanından çıxarkən ilk eşitdiyimiz səs- Azan səsi oldu. İçim,ruhum titrədi. Hə,bu çox gözəl xeyr-dua oldu.’’Salam olsun türk-islam və dünya sivilizasiyasının beşiyi olan gözəl Özbəkistanım’’ deyib sübh şehi qoxuyan havanı ciyərlərimə çəkdim. İlk ziyarətimiz İslam Sivilizasiya Mərkəzindən başladı. Mərkəzin əsas məqsədi Mərkəzi Asiyanın islam sivilizasiyasına bəxş etdiyi töhfələri dünyaya tanıtmaqdır. Elə ilk addımdan başa düşdüm ki,bu möhtəşəm mərkəzi ən az bir həftə boyunca gəzməlisən. Bizim üçün ayrılmış gənc bir tələbənin sevə-sevə suallarımızı cavablandırması və arada Azərbaycanla bağlı onun da verdiyi sualları cavablandırmağımız ortada isti münasibət yaratmışdı. Şərq memarlıq üslubunda eləcə də müasir texnalogiya vasitələrindən istifadə edilərək inşa edilmiş mərkəz Özbəkistanın simvollarından biri kimi tanılır.Hər gün bu Mərkəzə beş,on min arası ziyarətçi qeydə alınır. Diqqətimi ən çox çəkən müqəddəs kitabımız Quranın heç bir yerdə olmayan nüsxələri,qədim əlyazmaları,dünyaca məhşur Biruni,İbn Sina, Uluqbəy kimi alimlərin əsərlərinin təqdim olunmasıdır. Elə burdaca qeyd edim ki,bütün səfər boyu Abdullah Oripovun qızı həkim-şairə Şoira Oripova xanım bizlərlə bərabər oldu.
Mərifət yolunda çalışan insan,
Özünü tanıyar hər keçən zaman…
(Əlişir Nəvai)

Növbəti ziyarətimiz Yangi Özbəkistan Boği idi. Heç kəs aramsız yağan yağışdan nəinki narahat deyildi elə mərkəzin qarşısındaca əl qaldırıb rəqs edən,poz verərək şəkil çəkdirən,ucadan şeir deyən qazax,qırğız,özbək bacı -qardaşlarımıza yoldan ötən maşınlar biganə qalmayıb əl etdiklərini görüncə sevincdən gözlərim dolub -boşalırdı… Son illərin tikililərindən olan və kifayət qədər geniş əraziyə malik olan park özbəklərin və qonaqların ən çox sevdiyi məkanlardan biri kimi tanılır və burda dövlət tədbirləri,bayram şənlikləri,kitab sərgiləri keçirilir.’’ Müstəqillik’’ monumenti heç kəsi biganə qoymadı. Abidə təxminən 60 metr hündürlükdə yerləşir və lap başında isə əzəmətli görüntüsüylə heç kəsi biganə qoymayan Xumay (Humo) quşu. Verilən məlumatdan bildik ki,Xumay quşu türk və fars mifologiyasında azadlıq, mənəviyyat simvoludur və divarlardakı insan fiqurları Özbəkistanın 3000 illik tarixini göstərmək üçün yaradılıb. Bu daşdan yapılmış fiqurlar milli dövlətçilik və müstəqillik uğrunda mücadilə etmiş böyük şəxsiyyətlərin(alim,sərkərdə,şair ,dövlətçilik uğrunda mücadilə aparan) fiqurları idi. Əlbəttə Şoira xanım əziz atası Abdullah Oripovun qarşısında dayanarkən qürurlu və təvəzökar baxışları diqqətimi çəkdi. Bu baxışlarda həm də Şoira xanım sanki bizlərə ‘’O həm də sizlərin-bütün TURANIN atasıdır ‘’ deyirdi.

Şoira xanımın verdiyi bilgini hər kəs yaddaşına köçürtmək üçün kameranı açaraq bir cümləsini də ötürmək istəmirdi .Gəzintidən sonra dillər əzbəri özbək mətbəxi təamlarıyla xoş əhval ruhiyyəylə bizim üçün ayrılmış restorana gəldik.
Növbəti görüşümüz Abdullah Oripovun ocağında baş tutdu. Yaşıllıqlar içərisində yerləşən ev muzeydə gördüklərimiz bir daha sübut etdi ki, özbək xalqı qonaqpərvərliyi ilə çoxlarını geridə qoyar,həm də necə. Evin həyətində düzənlənən rəsmi və bədii hissədən sonra hər kəs sərbəst şəkildə illərlə bu divarlar arasında ömür sürən böyük şairin mənzilini ziyarət etdi. Çox qeyri-adi hisslər yaşadım. İçimdə qopan fırtınanı nə qədər çaba göstərsəm də yatıra bilmədim. Bir an soyuq tər basdı,ayaqlarımın altından sanki yer tərpəndi. Geri çəkilib bir neçə dəqiqə toparlanmaq üçün bir küncə qısıldım. İçimdəki səs sanki’’ Sən bu məkanı gəlib tək ziyarət etməlisən’’ dedi. Ayaqlarımı sürüyərək pilləkanları endim və keçirtdiyim hisslər haqda bir neçə gün sonra Şoira xanmla paylaşdım… Muzey ziyarətimiz həyətdə böyük zövqlə hazırlanmış süfrə ətrafında davam etdi. Musiqi sədaları altında təltiflər oldu. Turan yolçularının bir qisminə Mustafa Kemal Atatürk medalyonu,bir qisminə Türk Xalqları Birliyi və bir qısminə Abdullah Oripov medalları təqdim olundu.

Növbəti gün iki avtobusla üz tutduq İpək Yolunun ən məhşur mərkəzləri hesab olunan, qədim memarlığı,mavi günbəzləri,mədrəsələri ilə tanınan Səmərqəndə. Səmərqənd dediyimizdə həm də ilk ağlımıza gələn Əmir Teymur oldu. Əlbəttə bu tarixi şəxsiyyətə haqlı olaraq hər birimizin öz baxış bucağı var. Nə deyim… Səmərqəndə keçən ilin payızında gəlmişdim. Şahi-Zində kompleksi,Uluqbəyin elmə açdığı pəncərə olan rəsədxanası -bunların hər biri türk-islam mədəniyyətinin necə böyük bir zirvə yaratdığını göstərir. O vaxt da bu səfərdə də hər yerdə küçələrdə, insanların baxışlarında Əmir Teymur əzəməti, nəfəsi duydum Dünyaca məhşur Registanı əminəm ki,bircə dəfə gəzib-dolaşan əsla unutmayacaq.Bu səfərimizdə dostlar hər gecə bəlli saatda lazer şüalarıyla bütün Registan boyu divarlarda göstərilən tamaşanı izləmək fürsəti olmasa da Səmərqəndə gələn qonaqlar bu möhtəşəm 15 dəqiqəlik tarixi video görüntüləri izləmədən geri dönmürlər.Bilənlər bilir,Səmərqəndin dillər əzbəri bazarını da gəzməmək burda günah sayılır desəm inanın. Səmərqənddən bu tezliklə ayrılmaq istəməsək də, proqrama uyuğun hərəkət etdiyimiz üçün üz tutduq Buxaraya. Zaman yenə də məhdud olduğuna baxmayaraq görüb ziyarət etdiklərimiz də bir ömürlük yaddaş kodumuzda oturdu. Avtobusla hərəkət etsək də içimdə,ruhumda gəzib dılaşan min illərin içindən gəzib dolaşan Poi-Kalyan kompleksi,qədim məscidlər,mədrəsələr,tozlu-torpaqlı olsa da isti nəfəsli dar küçələr, ,görə bildiyimiz qədər tarixi abidələr sözün əsil mənasında böyük türk mənəviyyatının göstəricisidir. karvan səslərini eşitdikcə eşidirdim….həm də necə..

Səhərisi gün səhər yeməyindən sonra ürəyimizi Buxarada ayaqlarımızı avtobsa tərəf çüvirib VƏTƏNDƏN VƏTƏNƏ yola çıxdıq.On saatdan artıq davam edən yolçuluqda yaşananlardan danışmaq üçün ən azı on saat danışmam lazım. Mikrafonu əlimə alıb bir-bir hər kəsə söz verərək daha da isti ortam yaratdıq. Bəxtimizdən Şoira xanım da bizimlə eyni avtobusda idi. Bir daha əziz atası Abdullah Oripvla bağlı xatirələrini paylaşaraq bir neçə şeir dedi. Çağdaş ədəbiyyatımızın sevilən böyük şairi Ayaz Arabaçı, Cahit Günay, Elli Atayurd, Aysel Fikrət,Arzu Yılmaz Dağdemir,Zahid Avşaroğlu,Gülnara Raximcan,Aida Şirinovanın , Adilə Aslanova,Zöhrə Qara qızın,Elmira Aslanlının çıxışları da yadda qalan oldu. Ayrılıq vaxtı gəlmişdi.Bir-birinə sarılıb heç ayrılmaq istəməyən insanları seyr etmək adamı kövrəltsə də o qədər xoş idi ki…..
PS Bir daha əmin oldum ki,Bu səfərin mənim üçün xüsusi mənəvi anlamı var idi. Özbək xalqının böyük oğlu,milli istiqlal ruhunun qüdrətli şairi ,tərcüməçi və böyük ziyalı Abdullah Oripovun 85 illiyi qeyd olunurdu .Eyni zamanda böyük türk mütəfəkkiri Əlişir Nəvainin 585 illiyi münasibəti ilə hazırlatdırdığım portretləri hədiyyə etmək mənim üçün böyük qürur və mənəvi borc idi. Ancaq bunu da deməsəm olmaz. İllərdir tanıdığım və bu səfərdə bir az da yaxından tanıdığım gözəl ana,gözəl dost, böyük Turançı, gözəl şairəmiz Şoira Oripovanı tanıdığım üçün uca Tanrıma sonsuza qədər minnətdaram. Hədiyyələri təqdim edərkən çıxışımı bitirdiyim son cümləmlə bu yazımı bitirmək istəyirəm. ‘’MƏNİ QINAMAYIN ƏLBƏTTƏ ABDULLAH ORİPOV ÇOX BÖYÜK ƏSƏRLƏR QOYUB TÜRK DÜNYAMIZA,ANCAQ ONUN ƏN BÖYÜK ŞAH ƏSƏRİ BÜTÜN VARLIĞIYLA ,YARADICILIĞIYLA TÜRK DÜNYASINA TƏMƏNNASIZ XİDMƏT EDƏN QIZI ŞOİRA XANIM ORİPOVADIR.’’

Jalə Cəfərova, Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist
Daşkənd-Bakı-Vaşınqton, 2026





























