Azərbaycançılıq məfkurəsi ətrafında birləşmək və Azərbaycan dövlətinin maraqlarını müdafiə etmək istiqamətində böyük fəallıq göstərən xaricdəki Azərbaycan diasporu 44 günlük müharibə dövründə, eləcə də ondan əvvəlki zamanda antiazərbaycan qüvvələrə qarşı layqili mübarizə aparıb.
44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabr hadisələrindən, dövlətimiz bütün ərazilərində öz suverenliyini bərpa etdikdən, Xankəndidə, Ağdərədə, Xocalıda öz bayrağını ucaldandan sonra xaricdə Azərbaycana qarşı aparılan çirkli kampaniyaların miqyası da genişlənib.
Azərbaycan diasporunun yeni vəzifələri ortaya çıxıb…
Bəzi ölkələr, bəzi beynəlxalq qurumlar özlərini ermənidən çox erməni kimi aparmağa başlayıblar. Göründüyü kimi, hazırda antiazərbaycan qüvvələr hərəkətə keçib, Azərbaycanla bağlı şərləmə kampaniyası davam edir. Xaricdəki qüvvələr, beynəlxalq təşkilatlar, Fransa, Almaniya kimi ölkələr bizə qarşı hücum kampaniyaları təşkil edirlər.
Əslində baş verən proseslərin obyektiv şəkildə dünya birliyinə çatdırılması üçün diasporun üzərinə yeni vəzifələr düşür. Onlar nə etməlidir? Beynəlxalq müstəvidə yalan, dezinformasiya yayan qüvvələrlə xaricdəki Azərbaycan diasporu, Azərbaycan lobbisi necə mübarizə aparmalıdır? Son vaxtlar vəziyyət dəyişdiyi üçün Azərbaycan diasporunun yeni vəzifələri ortaya çıxıb, bu baxımdan görüləcək işlər nədən ibarət olmalıdır.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün bir çox Qərb ölkələri nə qədər demokratiyadan danışsalar da, onların digər ölkələrə, xüsusən də Azərbaycana qarşı yürütdükləri qərəzli, antidemokratik siyasətlə əslində demokratiyanı ayaq altına atmış olublar. “Biz bunu, xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Fransanın, Almaniyanın və digər onlar kimi ölkələrin timsalında görürük. Bu gün məhz Fransa Azərbaycana qarşı məhz qara kampaniyanın önündə gedir. Başqa ölkələr də onun əlaltısına çevrilərək bu kampaniyaya qoşuldular. Həmin ölkələrin parlamentariləri Azərbaycana qarşı antiazərbaycan siyasəti yürüdərək əsassız iddialarla çıxış edirlər. Biz bunu keçən il AŞPA-da Azərbaycana qarşı sərgilənən qeyri-obyektiv davranış zamanı bir daha gördük. Əlbəttə, bunların mahiyyətində ermənipərəstlik, Ermənistanın müdafiəsi dayanır. Bu ölkələr milli-mənəvi baxımdan Ermənistana yaxın xristian dövlətləridir. Elə Almaniya da, Fransa da hər zaman Ermənistanı, erməniləri dəstəkləyiblər. Fransa daha sərt mövqelər orataya qoyur.
Bu yaxınlarda cənab Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən maraqlı bir fikir söylədi, bildirdi ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir” – deyə qeyd edən F.Hüseynzadənin sözlərinə görə, Almaniya nisbətən neytrallığını qoruyub saxlaya bilir, amma hamısı mənəvi olaraq yenə də Ermənistanın yanındadırlar. O, hesab edir ki, Almaniya da, alman xalqı da Ermənistana isti münasibətləri ilə seçilir.
“Onlara qarşı Azərbaycan diasporu da ortaya bir güc qoymalıdır”
F.Hüseynzadə hesab edir ki, bunun da kökündə Fransa kimi Qərb ölkələrinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilməməsi dayanır, ona görə də ölkəmizə qarşı belə böhtançı çıxışlar edirlər. “Halbuki, bu ölkələr barədə araşdırma aparanda dözümsüzlük, irqi ayrı-seçkilikdə, saxtalarlıqda irəlidə gedirlər. Bunu o ölkələrin daxilindəki vətəndaş narazılığından, sosial etirazlardan görürük. Onların Azərbaycana qarşı irəli sürdüyü iradlar əslində onların öz ölkələrində var, orada demokratiya, insan azadlığı, söz azadlığı kimi məsələlər yoxdur. Bu baxımdan, bunları Azərbaycan qəbul etmir. Cənab Prezident Fransanın qərəzli davranışını hər zaman qeyd edir. Hesab edirik ki, onlara qarşı Azərbaycan diasporu da ortaya bir güc qoymalıdır. Əlbəttə ki, biz Avropada və digər ölkələrdə lobbiçilik işini gücləndirmədik. Yəni biz bu gün diaspordan lobbiçiliyə geçmək strategiyanı həmişə qeyd edirik. Artıq disapordan lobbiçiliyə keçmək lazımdır. Xüsusən, Vətən müharibəsindən sonra Azərbaycana qarşı qərəzli beynəlxalq qara kampaniyaların artığı bir zamanda bunların qarşısı almaq üçün diaspor güc qatmalıdır. Diasporun da məsuliyyəti artıb, yeni fəaliyyət istiqamətləri ortaya qoyulmalıdır. Dünya trendlərində, dünya platformalarında səs salacaq işlər görülməlidir. Yəni diaspor bu gün təşkilatlanıb, mütəşəkilləşib, amma bunu məhz bu fəaliyyətlərə qarşı cavab tədbirlərinin görülməsilə öz güclərini göstərməlidirlər.
Diasporun üzərinə düşən əsas vəzifələrdən biri də yaşadıqları ölkələrdə media ilə iş qurmaqdır, onlar media üzərindən təbliğatı artırmalıdırlar. Xüsusən rəsmi qurumlarla görüşləri intensivləşməlidir. Biz həmişə deyirik ki, Azərbaycan diasporu yaşadığı ölkənin elitar dairəsi ilə görüşüb, ünsiyyət qurub hədəfi vuracaq işlər görməlidir. Biz bununla da öz hədəflərimizə çata bilərik, bununla o qara kampaniyalara cavab vermiş olarıq” – deyə F.Hüseynzadə vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.
“Baki-xeber.com”