image-2000x150
image-66149445-eca3-4d71-9e6d-8d702f934effbackend

“…misirli tələbələr bir söz deyirlər: “Azərbaycan Allahın yer üzərindəki cənnətidir”

image-768x150

Miribrahim Xəlilullah: “Misirlilərin Azərbaycana və Azərbaycan dilinə marağı günü-gündən artır”

Diasporumuzun əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dilinin xaricdə tədris və təbliğ olunmasıdır. Bu baxımdan Misirdəki diasporumzun fəaliyyəti daha çox diqqəti çəkir. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bilavasitə rəhbərliyi ilə yüzlərlə misirli və qeyri-misirli tələbə Azərbaycan dilinə mükəmməl şəkildə yiyələniblər. Bu işdə Seymur Nəsirova Misirdəki gənc soydaşımız Miribrahim Mirtahazadə də könüllü olaraq kömək edir. Miribrahim Mirtahazadə “Diaspornews.az”a müsahibəsində Azərbaycan dilinin Misirdə tədrisi və diaspor fəaliyyəti haqqında danışıb.

-Siz niyə məhz Misiri seçibsiz ..?

-Mirtahazadə Miribrahim Xəlilullah 1994-cü ilin 10 iyulunda Biləsuvar rayonunun Bəydili kəndində dindar ailədə anadan olmuşam. Həmin kəndin Rüfət Mikaylov adına orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə qəbul olunmuşam. 2016-cı ildə Bakı Dövlət Universitetininin məzunu olduqdan sonra ərəb dilinə olan sevgimə görə ərəb ölkələrinin birində ərəb dili üzrə təhsilimi davam etdirmək üçün etdiyim axtarışlardan sonra Misir Ərəb Respublikasını seçdim. 2017-ci ilin noyabr ayında qədim Misirə gəlib çıxa bildim. Misirdə yeni dünya və yeni aləmlə qarşılaşdım, çünki hər şey tam fərqli və daha doğma idi. Heç zaman bu qədər çox eşitmədiyim ərəbcə səslər qulağımda cingildəyir, həm də mənə bir ümid işığı verirdi. Aeroportda məni Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov qarşıladı və bu cür insanla hələ çox illərimizi bərabər keçirəcəyimizi, hətta qardaş, yoldaş olacağımızı heç ağlımdan da keçirməzdim. Elə qalacağımız yerimiz də Seymur müəllimin başçılıq etdiyi tələbə evlərindən idi. Bu tələbə evlərinin digər evlərdən fərqi ondadır ki, qapı üzünə açılar-açılmaz sənin ruhunu oxşayan kitab qoxusu və rəf-rəf düzülmüş kitablar olur. Həyatımda görməyəcəyim qədər ilk dəfə idi ki, kitab görürdüm. Ərəbcə biliyim az olduğu üçün sadəcə kitablara baxırdım, bir gün gələr bu kitablarda nə yazıldığını mən də anlayaram deyə ümidlə yaşamağa davam etdim.

İlk təhsilim Misir Təhsil Nazirlyində qeyri-ərəblər üçün nəzərdə tutulan Ərəb dili kursunda başladı. Tam sıfırdan ərəb dilini öyrənməyə başladım. Pillə-pillə addımlayırdım. Bu yolda bizə diaspor mərkəzinin də köməyi az olmadı, çünki orada olan ödənişsiz təhsildən də çox yararlandıq.

image-939b4190-7a06-4911-872d-c6b6ed6d4520

-Misirə ilk getiyiniz vaxtlarda nə kimi çətinliyiniz oldu?

-Düzdü, ilk zamanlar Misirə alışmaq çətin idi; həm başa düşə bilmədiyimiz dil, həm ətraf mühitin təmiz olmaması, həm də əcnəbi olaraq Misir idarələrində qarşılaşdığımız çətinliklər, xüsusən də viza məsələləri kimi işlər məni hər şeyi buraxıb geri getməyə səsləyirdi. Amma “Mən geri gəlmək üçün yox, daha irəli getmək üçün burdayam” deyib səbr və təmkinlə davam etdim. Həmin il Misirə ən çox tələbə gələn il idi. 14 nəfər yeni azərbaycanlı tələbə gəlmişdi. Maraqlı günlərimiz keçirdi, bəzən başqa şəhərlərə gəzməyə gedir, bəzən isə cümə günləri Qahirə içərisində qədim məscidləri ziyarət edirdik. Dil biliyimiz artdıqca misir daha doğma gəlməyə başlayırdı, sanki “səni buraxmayacam” deyirdi. Həmin ilin ən gözəl hadisəsi isə Azərbaycanı oxuduğumuz mərkəzdə digər millətlər içərisində gözəl şəkildə təqdim edərək birincilik qazanmağımız oldu. Bu işdə də bizi səfirliyimiz və Seymur müəllim yalnız qoymamışdı. Birinci olmamıza iki səbəbimiz var idi. Birincisi və başlıcası o mərkəzdə oxuyan ermənilərə göz dağı verməyimiz oldu. O gündən bəridir Azərbaycan Respublikasının bayrağı Mərkəzin önündə asılmaqdadır. İkincisi isə oxuduğumuz mərkəzi bitirib diplom almağımız idi. Məyusedici səbəb isə biz artıq Misiri tərk edib Azərbaycana qayıtmağımız idi…

 

-Bəs sizi Misirə yenidən çəkib aparan nə oldu?

-Misirə olan sevgim məni Azərbaycanda iki aydan artıq tuta bilmədi, ailəmin razılığı ilə yenidən Misirə qayıtdım, amma bu dəfə öz hesabıma oturum vizasını necə alacğımı düşünməmişdim. Çünki Misirdə kimliyindən aslı olmayaraq ən çətin iş budur. Uzun çətinliklərdən sonra viza ala bildim. Hazırda Qahirə Universitetində ali təhsil alıram. Eyni zamanda Ərəb Liqaları Universitetində “Qurani-Kərimdə Təəccüb əlaməti işlənən ayələr”lə bağlı elmi iş yazıram. Misir-Azərbaycan Dostluq Cəmiyyətində Seymur müəllimin başçılığı ilə yaradılan Azərbaycan Dili danışıq klubunda Azərbaycan dili dərsi keçirəm. Təhsil məsələləri üzrə Seymur müəllimin yardımçısıyam. Həmçinin Azərbaycandan gələn yeni tələbələrin sənədlərinin hazırlanmasına könüllü olaraq kömək edirəm. Ümumiyyətlə, Misir-Azərbaycan Dostluq Cəmiyyətində könüllü olaraq fəaliyyət göstərirəm. Seymur müəllimə əlimdən gələn qədər dəstək olmağa çalışıram, çünki insanda olan vətən eşqi bir ananın övladına olan eşqidir və bunu sözlərlə ifadə edə bilməyəcək qədər acizəm.

image-608cfabe-ba4d-4c9f-96c7-ab55efa720af

-Misirli tələbələr üçün Azərbaycan dilini öyrənmək nə dərəcədə maraqlıdır?

-Ümumiyyətlə, dil öyrənmək, dil bilgisi sosial və ictimai həyatı təmin edən ən böyük vasitədir. Çünki xarici dilləri öyrənmək dünya mədəniyyəti ilə tanış olmaq üçün əsas amildir və öyrənilən dil vasitəsi ilə tədris olunan dilin ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənməyə, həmçinin yeni-yeni insanlarla tanış olmağa yol açır. Azərbaycan dili də dünyada öyrədilən dillərdən biridir. Misirlilər arasında isə Azərbaycan dilinin və ədəbiyyatının tədrisi Seymur Nəsirovla bağlıdır. İllərdir ki, özü və həyat yoldaşı İnarə xanım Qahirə, Əl-Əzhər, Ayn-Şəms kimi Misirin ən böyük universitetlərində qarşılıqsız olaraq Azərbaycan dilini tədris edirlər. Əslində, bu özü bir maraqdır, çünki Seymur müəllim bəzən tələbə evlərinə də gedib öz cibindən pul xərc edib misirli tələbələrə Azərbaycan dilini tədris edib. Bu da misirlilər arasında zamanla böyük marağa səbəb olub, çünki Misirdə saysız-hesabsız xarici vətəndaş var və sayca çox olan vətəndaşlar dil mərkəzləri açıb fəaliyyət göstərməkdədirlər. Təbii ki müqabil qarşılığında, amma 120 milyonluq bir ölkədə ödənişsiz tədris edilən yalnız Azərbaycan dilidir. Bu, biz azərbaycanlıların belə, fəxr edəcəyi bir şey olmalıdır, ona görə ki öz dilini insanlara qarşılıq görmədən tədris edirsən. Hazırkı dünyamızda isə bir dili qarşılıqsız olaraq uşaqlar öyrənirlər, o da ana və atalarından. Sözün əsl mənasında Seymur müəllim öz tələbələrinə həm ata olub, həm ana. Onlara öz sevgisini və məhəbbətini verib. Dil öyrənmədə etdiyi müsabiqələrdə fərq qoymadan hər kəsi hədiyyələndirməsi və etdiyi araşdırmalarla Azərbaycan həqiqətlərini ərəb mənbələrindən çıxarması Azərbaycana və Azərbaycan dilinə marağı günü -gündən artırmışdır.

image-f6422d21-2040-4764-b59f-d74a4ad2bbab

-Dilimizi öyrəndikdən sonra onların Azərbaycan haqqında düşüncəsində nə kimi dəyişiklik olur?

-Təbii ki, Azərbaycan dili və xüsusən də ədəbiyyat və tariximizlə tanış olduqdan sonra Azərbaycana olan heyrətlərini gizləyə bilmirlər. Tarix boyunca Azərbaycanın bir çox işğallara məruz qalmasına rağmən öz milli mənəvi və dini dəyərlərini itirməməsi, habelə islama olan bağlılığını əsrlər boyu qoruyub saxlaması və bu yolda parlaq addımlar atan alimlərin, şairlərin həyatını öyrəndikcə Azərbaycanla bağlılıqları günü-gündən artır. Azərbaycanın klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s. bu kimi ədiblərin yaradıcılıqları istənilən ərəbi heyrətləndirir, çünki onlar qədim ərəb dilində qəzəllər, qəsidələr yazmış və bu dili şeirdə öz üslubları ilə rəngarəng bir qəlibə salmışlar və bu cür klassiklərin çıxdığı bir ölkədə hələ də Nizamilər, Füzulilər, Nəsimilərin var olduğuna həm biz inanırıq, həm də ərəblər də bunu öz dilləri ilə deyirlər. Diaspor mərkəzində Azərbaycan dilini öyrənən tələbələr Azərbaycanı hələ ki, internet və kitab üzərindən tanıyırlar. Tələbələrimizdən, sadəcə bir, ya iki nəfər ölkəmizi ziyarət edə bilib. Ziyarət edənlər sadəcə bir söz deyirlər: “Azərbaycan Allahın yer üzərindəki cənnətidir və sanki Allah bu məmləkətin xalqını da hər kəsdən fərqli; əliaçıq, əxlaqlı, yardımsevər, xeyirxah bir millət kimi yaratmışdır”.

Azərbaycan dilinin yaratdığı ən böyük təsir isə Azərbaycan həqiqətlərini Azərbaycan dilində oxuyub öyrənmələri və bunu yaymalarıdır. Bildiyimiz kimi, ermənilər uzun illərdir ki, Misirdə yerləşmişlər və burada özlərini çox məsum və məzlum kimi Misir əhalisinə tanıtmışlar. Ermənilərə qarşı soyqrımı adı ilə saxta qəzetlər, kitablar çap edirlər. Təbii ki, onlar sayca bizdən çoxdurlar, amma onların çoxluğu bizim zəifliyimiz anlamına gəlmir, çünki biz həqiqət, onlar isə saxta soyqrımlar yaymaqdadırlar. Bu kimi həqiqətləri həm bizim dildə, həm ərəb mənbələrində araşdıran tələbələr Azərbaycana, xalqına şücaətli millətinə olan sevgilərini gizlədə bilmirlər və bu həqiqətləri öyrənmələri ilə kifayətlənməyib sosial mediada “Azərbaycan”, “Azərbaycanın səsi”, “Azərbaycan həqiqətləri” adlı çoxlu sayda səhifələr yaradıb bizim haqq səsimizi ərəb ictimaiyyətinə çatdırmaqdadırlar. Düşünürəm ki, bu bizim ən böyük uğurlarımızdan biridir və bu yolda biz azərbaycanlılar əlimizdən gələnləri əsirgəmir və üzərimizə düşən müqəddəs vəzifəni-“Vətənin təbliği”ni könüllü şəkildə etməyə çalışırıq.

-Onların Azərbaycanla bağlı əsas istəkləri nədir?

-Məlumdur ki, əcnəbi bir dili öyrənənlər onun tarix və mədəniyyətinə tanış olduqdan sonra həmin ölkəyə səfər etmək istəyirlər. Bir çoxları sadəcə ziyarət etmək, Azərbaycanın gözəl mənzərəsini yaxından görmək, Azərbaycan dilini hansı səviyyədə bildiklərini öz məkanında tətbiq etmək, iki ölkə arasında qardaşlıq bağlarını daha da möhkəmləndirmək, azad olunmuş ərazilərimizi, xüsusən də islam mərkəzlərini ziyarət etmək kimi istəkləri var. Bəli, bütün dövlətlərdə elmə, araşdırmağa, öyrənməyə sevgi var, amma misirlilər bu mövzuda digər ərəbləri geridə qoymaqdadırlar. Onların elmə olan sevgiləri daha çox qabarıqdır. Bütün ərəb ölkələrində Misirdən alimlər, filosoflar mövcuddur. Azərbaycan dilini öyrənən tələbələrin istəyi Azərbaycana gedib orada olan ərəbcə yazılmış qaynaqlarla, daş kitabələrlə tanış olmaqdır. Ümid edirəm ki, yaxın zamanda dövlətimiz tərəfindən Azərbaycan dilini öyrənən tələbələrin Azərbaycana səfər etmələrinə dəstək olunacaqdır.

-Maraqlıdır ki, əcnəbilər dilimizi öyrəndikdən sonra bunu hansı sahədə istifadə edirlər?

-Yuxarıda qeyd etdiyim kimi, misirlilər dilimizi ictimai həyatın hər bir sahəsində istifadə edir, sosial şəbəkə üzərindən yeni-yeni dostlar qazanırlar. Bu da onların dil və Azərbaycan mədəniyyətinin öyrənilməsinə daha çox yardım edir. Bundan başqa istər milli bayramlarda, istər anım günlərində, istər ərəb mediasında, istər Azərbaycan mediasında məqalələrlə çıxış edirlər. Məsələn bugünlərdə Qanlı Yanvarla bağlı bir tələbəmizin məqaləsi çox sayda mediada yayımlandı, həmçinin Azərbaycanın Milli Qəhrəmanları və onların şücaətli yolları haqqında olan məqalələr ərəb oxucuları tərəfindən həddən çox sevildi. Bundan başqa tələbələrimiz Azərbaycan xalq ədəbiyyatından tamaşalar hazırlayırlar və bu kimi işlərdə insan sadəcə fərəh hissi keçirir. Sənin dilin qısa zaman çərçivəsində öyrənilir və o dildə tamaşa göstəriləcək, şeir söyləniləcək şəkilə gəlib çıxır. Bu, asan olmasa da biz bunu sevərək, qarşılıq ummadan edirik

image-439362e3-90a6-4089-becf-57705847d9f2

-Siz diaspor işində nə kimi aktivlik göstərirsiz?

-Disapor fəaliyyətim Misirə gəldiyim gündən başlayıb. Xarici ölkədə olan hər bir azərbaycanlının birinci vəzifəsi vətənini təmsil və təbliğ etməkdir. İlk öncə öz davranışların, ədəb-ərkan qaydaları ilə təmsil edirsən ölkəni, daha sonra isə sən ədəb və ərkanınla ətrafındakı insanları özünə cəlb edirsən. Belə-belə vətənin təbliği başlayır. Mən də bir azərbaycanlı olaraq bu kimi hərəkətləri insanlar arasında, ərəblərlə münasibətimdə qoruyub saxlamağa çalışıram, çünkü mən hər hansı bir dövləti deyil, Odlar Yurdu Azərbaycanı təmsil və təbliğ edirəm.

İkinci fəaliyyətim isə Azərbaycandan Misirə gələn tələbələrə xidmət etməkdir. Onların qarşılanması, sənəd işləri, yerləşdirilməsi, viza məsələləri, dil kurslarına və ya universitetlə bağlı olan işlərin görülməsi və s. bu kimi işləri sevərək həyata keçirirəm. Qərib ölkənin həyatına uyğunlaşmaq asan deyil. Əgər sən o ölkənin dilini bilmirsənsə bu, daha da çətindir. Qürbətə övlad yola salan valideyn ürəyi hər zaman narahat olur. Bizim əsas məqsədimiz təhsil üçün Misirə oğul, qız göndərən valideynlərin ürəyini fərəhləndirməkdir. Bunun üçün də əlimizdən gələn hər şeyi edirik. Oradan bura gələn tələbələr Təhsil Naziliyinin nəzdində olan dil kursunda oxuyur. Tələbələrimizin ilk vaxtlarda yol tanımamalarını, hər gün uzaq məsafə qət etmələrinin qarşısını almaq üçün üç ilə yaxındır ki, Təhsil Nazirliyinin tam yanında azərbaycanlı tələbələrə tam əlverişli ev tutmuşuq. Yaşam üçün lazım olan əşyalar Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən hədiyyə olunub. Evə səfirliyimizin də dəstəyi az deyil, bir sözlə hər kəs bacardığı dəstəyi göstərir. Tələbələrin rifahı üçün o evə mən nəzarət edirəm.

Bundan başqa, qeyd etdiyim kimi Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili danışıq klubuna rəhbərlik edirəm. Tələbələrlə işləmək sevimli peşəmə çevrilib və bu işdən zövq alıram. Bütün zövqlər madiyyatla olmur, bu da mənim zövq aldığım sahədir. Ona görə həm öyrədirəm, həm də öyrənirəm.

Həmçinin Misirdə olan böyük sərgilərdə iştirak edirik. Məsələn, 2018, 2019 -cu illərdə 6 oktyabr Universitetində 40 dövlət arasında baş tutan mədəniyyət sərgisində iştirak etmişəm. Burada 500 dən çox kitab,1000 dən çox bayraq, və həmçinin Azərbaycan mətbəxinə aid olan şirniyyatlar təqdim etmişəm. Sərginin iştirakçılarına və mədəniyyət nazirinə və bu sərginin təşkilində səfirliyimizin və diasporumuzun böyük dəstəyi olmuşdur. Pandemiya ilə əlaqədar hal-hazırda təşkil olunan sərgilər ləğv olunub. İnşaAllah bu ilin yayında yenidən başlayacağı gözlənilir.

Hər zaman istər elmi, istər ictimai fəaliyyətimdən danışmağa məni utandıran bir şey vardır-“Şəhidlər”. Çünki bizlərin vətən üçün etdiklərimiz onların etdiklərinin yanında zərrə belə deyildir. Onlar tarixi öz qanları, canları ilə yazıblar, bizlər isə qələmimizlə. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların pak və müqəddəs ruhları qarşısında baş əyirəm!

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki