Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin qərargahında BAK nəznində fəaliyyət göstərən Natəvan poeziya klubunun ilk məclisi keçirilmişdir. Məclisə Niderland Krallığında yaşayan Azərbaycanlı və türk xanımları qatılmışdılar.
Məclis öz işini Natəvanın gəzələri ilə başladı. Məclisin təşkilatçısı və rəhbəri, BAK-ın sədr müavini Sima Cəfərli giriş sözü ilə qonaqları salamladı və Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın bu cür məclis və tədbirlərə toplanmağının nə dərəcə zəruri olduğunu vurğuladı.
Canlı bağlantı ilə professor, l Qarabağ müharibəsi qazisi, “Miqrasiya prosesləri” ictimai birliyinin rəhbəri Fəridə Hicran qoşuldu.
Natəvanın həyat və yaradıcılıq aspektlərinə toxunan Fəridə xanım, Natəvanın Qarabağ elinə, Azərbaycan poeziyasına və istimai həyatına verdiyi bəhrələrdən danışdı.
Məclisdə əsasən Xan qızı Xurşudbanu Natəvanın qəzəllərinə yazılmış mahnılar səsləndi, onun müəllimi olan Qasım bəy Zakirlə məktubları oxundu. Daha sonra Sima xanım və digər məclis iştirakçıları öz şeir tohfələrini qonaqlara ərmağan etdilər.
Milli Azərbaycan rəqsi ilə Təhminə Günəş, məlahətli səsi ilə ruhları oxşayan Nigar Cəfərli məclisi daha da canlandırdılar.
Sankt Peterburq şəhərində yaşayan və “Xan Qızı” Dünya Azərbaycanlıları ictimai qadınlar birliyinin rəhbəri Könül Abbasova da canlı bağlantı ilə qoşularaq öz ürək sözlərini iştirakçılara çatdırdı.
Məclisin daha bir qonağı, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı ürək sözləri ilə çıxış edərək, belə bir məclisi ünsün buradakı azərbaycanlı xanımlarının ictimai həyatında nə qədər önəmli olduğunu vurğuladı.
Məclisdə qonaq olan Yazıçılar İttifaqının üzvü sair publisist Lətifə Nuranın da şeirləri səsləndi.
Avropada tanınan Azərbaycanlı rəssam xanım Vəfa Rüstəmovanın bu məclis üçün çəkdiyi Natəvana həsr etdiyi rəsm və keramik qablar üzərindəki işlədiyi əsərləri sərgiləndi. Öz yaradıcılığından söhbət açan Vəfa xanım, Xurşudbanu Natəvanın əsərlərinin onun yaradıcılığına çox güclü təsir etdiyini qeyd etdi. Onun, Milli arnament və naxışlarla bəzədilmiş əl işlər qonaqları çox maraqlandırdı.
Həmçini, burada yaşayan Vəfa Kənanqızının əl işlərinin video çarxı nümayiş etdirildi.
Səmimi söhbətlər, maraqlı diskussiyalar məslisin işini yekunlaşdırdı.
Sonda, xatirə şəkilləri çəkildi və gələcək planlara nəzər salındı.