image-2000x150
image-11-52-53-2022_02_02_994979_jfifeditbackend

Rəqabətə davamlı gənc kadrların yetişdirilməsi strategiyası

image-768x150

Dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli gənc kadrların işə cəlb edilməsi müsbət nəticə verməkdədir

Müstəqillik əldə etdikdən sonra dövlətin apardığı gənclər siyasəti sayəsində bu sektorda olan insanlarda  özünə inam yaranıb. Bu, bir növ, gənclərdə müstəqil dövlətin müstəqil gənci olmaq şüurunun formalaşmasına, fərdi düşüncə tərzinin yaranmasına gətirib çıxarıb. Artıq hər bir gənc müasir dövrün tələblərinə uyğun olaraq həyatını özü qurmağa çalışır. Eyni zamanda, dövlət tərəfindən gənclər üçün istənilən şəraitin yaradılması üçün lazimi işlər görülür. Ümumiyyətlə, ölkəmizdə dövlətin gənclər siyasəti sistemli xarakter daşıyır. Müasir Azərbaycan tarixində hər zaman gənclər siyasətinə böyük diqqət olub. Azərbaycan gənclərinin cəmiyyətdə rolunu artırmaq, onların ölkəmizin  inkişafında iştirakını təmin etmək, gənclərin müstəqil qərar qəbul  etmək kimi vacib məsələlərin təməli ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur. Müstəqillik qazandıqdan sonra daxili siyasi sabitliyin bərpa olunmasına çalışıldığı ilk illərdə – 1994-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması buna əyani sübutdur. Son illərdə isə dövlət tərəfindən saysız layihə və proqramlar həyata keçirilib. Həmçinin ayrıca Gənclər Fondunun yaradılması da dövlətin gənclərə olan diqqətinin bariz nümunəsidir.

Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə dəyərli töhfələrini verirlər. Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı təsdiqlənmiş sərəncam və proqramlar sayəsində gənclər öz gələcəklərini daha da möhkəm, təhlükəsiz və eyni zamanda, perspektivli olaraq qurmalarına imkanlar əldə edib. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının gücləndirilməsi, onların fəaliyyəti üçün zəruri infrastrukturun inkişafı, gənclər arasında sağlam həyat tərzinin təbliği və neqativ halların profilaktikası, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsi, gənclərin sosial müdafiəsi istiqamətdə atılan addımlar  gənclər siyasəti sahəsində qazanılmış təcrübənin daha da inkişaf etdirilməsinə və gənclərimizin bütün sahələrdə təmsil olunmasına  böyük töhvə verib. Artıq bu bir faktdır ki, bir sıra ölkələr Azərbaycanın dövlət gənclər siyasəti modelini qəbul edir və bu təcrübəni bölüşmək üçün ölkəmizə səfərlər edirlər.

Gənclərimiz ən yüksək meyarlara necə cavab verirlər?

Dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır. Prezident cənab İlham Əliyev çıxışlarında özü də dəfələrlə bildirib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər özünü dövlətin gənclər siyasətində də göstərir. Odur ki, gənclərin bu siyasətə dəstək verməsi üçün intellektual gənclərin bir araya gəlməsi və onların fikir mübadiləsi nəticəsində ortaq yeni ideyalar tapması vacib amildir. Sevindirici haldır ki, Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü inkişafında da gənclərin rolunu hər zaman yüksək qiymətləndirir: “Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var, DOST və ASAN xidmət mərkəzlərində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün… Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər – bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Müstəqillik qazandıqdan sonra Azərbaycanın inkişafı üçün kadrların hazırlığı məsələsində böyük problemlər və kadr boşluğu yaranmışdı. Dövlətimizin bu baxımdan xüsusi qayğısı artıqda bu sahə də inkişaf etməyə başladı. Azərbaycanın iqtisadi, siyasi, sosial cəhətdən daha da inkişafı, kadrların hazırlanması və daha da güclənməsi üçün əsas dayaq əhalinin böyük hissəsini təşkil edən gənclərə və gələcək nəsillərə düşürdü. Cənab Prezidentin yuxarıda sitat verdiyimiz fikirləri isə bir daha onu göstərir ki, ölkədə aparılan kadr islahatları öz müsbət nəticəsini göstərməkdədir. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlar önə çəkilir. Və dövlət rəhbəri müxtəlif sahələrin inkişafında gənclərə böyük etimad göstərir.

Artıq Azərbaycanda və xaricdə rəqabətə davamlı gənc kadrlar yetişməkdədir. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrların işə cəlb edilməsi müsbət nəticə verməkdədir. Xüsusən kiçik və orta biznes sahəsində gənc sahibkarlar ordusu formalaşmaqdadır. Ölkənin iqtsiadi inkilşafına bu gənclərin töhfə verəcyinə böyük əminliyimiz var.

Gənclərin Vətən məsuliyyəti

Gənclər hər zaman cənab Prezidentin arxasında möhkəm dayanıb. Vətənpərvər gənclər ölkəmizin ictimai həyatında aktiv rol oynayırlar. Bu gün ən vacib məsələ gənclərin Vətən məsuliyyətlərini dərk etmələridir. Gənclər ölkədə baş verən proseslərdən kənarda qalmaq istəmirlər. Biz bunun 44 günlük Vətən müharibəsində bir daha şahdi olduq. Gənclərimiz döyüşlərin önündə gedərək Vətən naminə canlarını belə, qurban verməkdən çəkinmədilər. Azərbaycan gəncliyi Vətən müharibəsində özünün milli kimliyini, vətənpərvərliyini, dövlətə, xalqa və öz Prezidentinə necə sadiq olduğunu böyük əzmkarlıqla nümayiş etdirdi. Həmin gənclərin böyük əksəriyyəti elə cənab Prezidentin ölkə rəhbəri seçilməsindən sonra yetişiblər. Bütün bunlar Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin gənclər siyasətinin düşünülmüş şəkildə həyat keçirilməsinin effektiv nəticəsdir.

Bu gün gənclərə öz imkanlarını, qabiliyyət və bacarıqlarını reallaşdırmaq baxımından Yeni Azərbaycan Partiyası da çox gözəl şərait yaratmışdır. Partiyanın təşkil etdiyi müxtəlif beynəlxalq konfransların, dövlət əhəmiyyətli tədbirlərin, rəsmi və işgüzar xarici səfərlərin də iştirakçısı olmaq gənclərə öz təcrübə və dünyagörüşlərini artırmaq üçün geniş imkanlar açır. YAP üzvlərinin böyük bir hissəsini təşkil edən gənclər həmişə partiyanın diqqət mərkəzində olmuşdur. Yarandığı tarixdən bu günə qədər YAP öz ənənələrinə sadiq qalaraq bu gün də gənclərin milli-mənəvi tərbiyəsində, onların vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, dövlət quruculuğu prosesində iştirakının daha da artırılmasında, gənclərin öz imkanlarından istifadə etmələri üçün münbit şəraitin yaradılmasında və digər vacib istiqamətlərdə əhəmiyyətli işlər görməkdədir. Bizim üçün sevindirici hallardan biri də ondan ibarətdir ki, bu gün YAP-ın ayrı-ayrı rayon təşkilatlarının qərargahlarında çalışan işçilərin də böyük əksəriyyəti məhz gənclərdir.

Gənclərimiz dövlətçiliyimizin ətrafında sıx birləşir və bu amalda daim bütün çətinliklərin öhdəsindən gəlməyə hazırdırlar. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə gənclərimiz bütün səy və bacarıqlarını, şəxsi təşəbbüslərini birləşdirməlidirlər.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki