Home / Aktual / Paraqvay kanalı Bakı haqqında reportaj yayımlayıb

Paraqvay kanalı Bakı haqqında reportaj yayımlayıb

Paraqvayın geniş tamaşaçı auditoriyasına malik SNT televiziya kanalı Azərbaycanla bağlı növbəti reportaj yayımlayıb. Budəfəki reportaj Bakı şəhərinə həsr olunub. Verilişin müəllifi Karlos Troçe əvvəlcə Bakı haqqında məlumat verir. Bildirir ki, Bakı Xəzər dənizi sahilində yerləşən tarixi bir şəhərdir. “Küləklər şəhəri” adlandırılan Bakı Azərbaycanın siyasi, iqtisadi, mədəni mərkəzidir, həm Avropanın, həm də Asiyanın xüsusiyyətlərini özündə əks etdirir.

Karlos Troçe qeyd edir ki, Bakının küçələri ilə gəzərkən sanki onun tarixinə səyahət etmiş olursan. Buradakı bəzi tarixi abidələr UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Müəllif şəhərin tarixi haqqında da oxuculara məlumat verir. Qeyd edir ki, Bakı zaman-zaman istilalara məruz qalıb, bunun izlərini hələ də görmək mümkündür. Buradakı qədim divarlar, küçələr xüsusilə maraq doğurur. Müasir Bakının günümüzə qədər qorunub saxlanılan qədim divarlarının arxasında isə tarixi Bakı ilə üzləşirsən.

Reportajda qeyd edilir ki, Bakı öz gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Şəhərin ecazkar binalarından biri də “Alov qüllələri” kompleksidir. Bu, şəhərdə ən hündür bina hesab olunur. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri “Alov qüllələri”dir. Paytaxtın hər bir nöqtəsindən “Alov qüllələri”ni görmək mümkündür. Bakının sevilən məkanlarından biri də Dənizkənarı Bulvardır. Xəzərin sahilində yerləşən bulvar Bakı gecələrinə xüsusi gözəllik verir.

Karlos Troçe vurğulayır ki, Bakıya səyahət etməyə dəyər, çünki burada qiymətlər ucuzdur. Xüsusilə də nəqliyyat vasıtələrindən istifadə çox münasib qiymətədir. Yeməklərin, içkilərin qiymətləri də çox sərfəlidir. Şəhərdə ayrı-ayrı ölkələrin mətbəxlərinin nümunələri olan müasir restoranlar fəaliyyət göstərir. Azərbaycanın milli mətbəxi də çox zəngindir.

Reportajda Heydər Əliyev Mərkəzinin binası haqqında da tamaşaçılara məlumat verilir. Müəllif vurğulayır ki, Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərbin xüsusiyyətlərini əks etdirməsi və digər amillər onu Cənubi Qafqazın ən cəlbedici ölkəsi edib. Sonda Bakı ilə bağlı təəssüratlarını ümumiləşdirən müəllif deyir: “Bu əfsanəvi şəhəri tanımağa dəyər”.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …